Müasir süni intellektin qurucularından biri sayılan Ceffri Hintonun fikrincə, texnologiya milyarderlərinin yönləndirdiyi sürətli inkişafı sosial fəlakətə və iqtisadi çöküşə səbəb ola bilər.
Lent.az xəbər verir ki, bu barədə Hinton ABŞ senatoru Berni Sanderslə Corctaun Universitetində keçirdiyi ictimai müzakirə zamanı bildirib.
Dərin öyrənmə sahəsində mühüm kəşflərin müəllifi və müasir İİ inqilabının elmi təməllərini qoyan britaniyalı alim texnologiyaların lazımi təhlükəsizlik tədbirləri olmadan düşüncəsiz şəkildə tətbiq edilməsindən narahat olduğunu vurğulayıb.
Hintonun əsas narahatlıqları
Əmək bazarı: Süni intellekt bir çox sahələrdə insanları əvəz etməklə iş yerlərinin quruluşunu köklü şəkildə dəyişdirə bilər və yeni alternativlər yaratmaya bilər.
Sosial bərabərsizlik: İqtisadi və sosial təbəqələşmə daha da dərinləşə bilər.
Geosiyasət: Güclü dövlətlər AI-dən “qan tökülmədən müdaxilə” aləti kimi istifadə edə və bu, dünyanın güc balansını dəyişə bilər.
Alim qeyd edir ki, hazırkı AI inqilabı əvvəlki texnoloji dəyişikliklərdən fərqli olaraq insan əməyinin itirilməsini kompensasiya edən yeni işlər yaratmır.
“Əgər AI insanların səviyyəsində, hətta daha ağıllı olarsa, işini itirənlər üçün gedəcəkləri yer olmayacaq. Onların görə biləcəyi hər hansı işi süni intellekt də yerinə yetirə biləcək,” – deyə o bildirib.
Hinton həmçinin iqtisadi tərəfə diqqət çəkərək qeyd edib ki, İlon Mask, Mark Zukerberq, Larri Ellison kimi texnologiya magnatları kütləvi işsizlik nəticəsində məhsul alıcılarının azalacağını nəzərə almırlar.
Onun proqnozlarına görə, geniş çərçivədə tapşırıqları yerinə yetirmə qabiliyyətinə malik Ümumi Süni İntellektin yaranması növbəti 20 il ərzində, hətta daha tez baş verə bilər.
Ceffri Hinton müasir AI-nin elm əsaslarını faktiki olaraq formalaşdırıb. Nevron şəbəkələri üzrə araşdırmalarına görə o, 2018-ci ildə kompüter elmləri üzrə Nobel ekvivalenti sayılan Tyuring mükafatına layiq görülüb və bu mükafatı Yoşua Benjiyo və Yan Lekunla bölüşüb. 2023-cü ildə isə o, Google şirkətindən ayrılıb.