“Google” son illərdə Android smartfonlarının oğurluqdan qorunması imkanlarını xeyli genişləndirib. Yeni təhlükəsizlik funksiyaları süni intellekt və cihazdakı sensorlardan istifadə edərək oğurluq cəhdini müəyyənləşdirə və telefonu avtomatik kilidləyə bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər Android istifadəçilərinə əsasən güclü PIN-kod seçmək, geolokasiyanı aktiv saxlamaq və ekran kilidindən istifadə etmək tövsiyə olunurdusa, indi sistem şübhəli hərəkətlərə özü reaksiya verə bilir.
Məsələn, "Theft Detection Lock" – “Oğurluğun aşkarlanması zamanı kilidləmə” funksiyası telefonun qəfil və qeyri-adi şəkildə sahibinin əlindən alınmasını müəyyən edə bilir. Sistem oğurluq ehtimalını aşkar etdikdə ekran dərhal kilidlənir.
Digər faydalı imkan "Offline Device Lock" – “İnternetsiz cihaz kilidi” funksiyasıdır. Oğru telefonu internetdən ayırmağa, mobil məlumatları və ya Wi-Fi-ı söndürməyə, yaxud uçuş rejimini aktivləşdirməyə çalışarsa, cihaz müəyyən müddətdən sonra avtomatik kilidlənir. Bunun üçün telefonun həmin anda internet bağlantısına ehtiyacı yoxdur.
“Google” sistemin adi istifadə davranışını da nəzərə aldığını bildirir. Bununla telefonun səhvən kilidlənməsi hallarının minimuma endirilməsi nəzərdə tutulur.
Bu funksiyalar Android 10 və daha yeni əməliyyat sistemi ilə işləyən bir çox smartfonda “Google Play Services” vasitəsilə əlçatan olur. Lakin menyudakı yerləşmə telefon istehsalçısından asılı olaraq fərqlənə bilər.
“Samsung Galaxy” cihazlarında adətən “Parametrlər” -- “Təhlükəsizlik və məxfilik” -- “İtirilmiş cihazların qorunması” -- “Oğurluqdan qorunma” bölməsinə daxil olmaq lazımdır.
“Google Pixel” smartfonlarında isə funksiya “Parametrlər” -- “Təhlükəsizlik və məxfilik” -- “Cihazın kiliddən çıxarılması” -- “Oğurluqdan qorunma” bölməsində yerləşə bilər.
İstifadəçilərə ilk növbədə Theft Detection Lock və Offline Device Lock funksiyalarını aktivləşdirmək tövsiyə olunur.
Digər mühüm imkan "Remote Lock", yəni “Uzaqdan kilidləmə” funksiyasıdır. Telefon itdikdə və ya oğurlandıqda istifadəçi başqa cihaz vasitəsilə telefonunu uzaqdan kilidləyə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün bu imkanların effektiv işləməsi üçün smartfonda etibarlı ekran kilidi olmalıdır. Sadə və asan təxmin edilən şifrələr əvəzinə mürəkkəb PIN-kod, parol və biometrik identifikasiyadan istifadə etmək məsləhətdir.
Bəzi yeni Android və “Pixel” cihazlarında "Identity Check" funksiyası da təhlükəsizliyi gücləndirir. İstifadəçi ev və ya iş yeri kimi tanınmış məkanlardan uzaqda olduqda sistem həssas əməliyyatlar zamanı yenidən biometrik təsdiq tələb edə bilər.
Beləliklə, telefonun oğurluqdan maksimum qorunması üçün "Theft Detection Lock", "Offline Device Lock" və "Remote Lock" funksiyalarının eyni vaxtda aktivləşdirilməsi tövsiyə edilir.