Telefonu enerji yığmağa necə qoşduğunuz batareyanın istifadə müddətinə təsir göstərə bilər. İlk baxışdan əhəmiyyətsiz görünən bu vərdiş uzun müddətdə batareyanın daha sağlam qalmasına kömək edir.Bir çox istifadəçi əvvəlcə enerji yığma kabelini telefona taxır, daha sonra adapteri elektrik yuvasına qoşur. Mütəxəssislər isə bunun əksini etməyi tövsiyə edirlər.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əvvəlcə enerji yığma adapteri elektrik yuvasına qoşulmalı, yalnız bundan sonra kabel telefona taxılmalıdır.
Bu zaman adapter elektrik cərəyanını sabitləşdirir və enerji telefona daha təhlükəsiz şəkildə ötürülür.
Mütəxəssislər bildirirlər ki, bu üsul kiçik gərginlik sıçrayışlarının və cərəyan impulslarının telefona təsirini azalda bilər. Bu cür təsirlər dərhal problem yaratmasa da, uzun müddətdə batareyanın daha tez köhnəlməsinə səbəb ola bilər.
Bununla belə, əvvəlcə kabeli telefona taxıb, sonra adapteri elektrik yuvasına qoşmaq da ciddi təhlükə hesab edilmir. Bu, telefona ani zərər vermir. Sadəcə, istehsalçıların tövsiyə etdiyi ardıcıllığa əməl etmək batareyanın ilkin məhsuldarlığını daha uzun müddət qorumağa kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, batareyanın ömrünə qoşulma ardıcıllığından daha çox istifadə olunan enerji yığma adapterinin və kabelin keyfiyyəti təsir edir.
Mənşəyi məlum olmayan ucuz adapterlər və telefon üçün uyğun olmayan enerji yığma qurğuları batareyaya əlavə yük sala, enerji yığılmasını ləngidə və telefonun ümumi işləmə keyfiyyətini aşağı sala bilər.
Bu səbəbdən orijinal və ya istehsalçı tərəfindən sertifikatlaşdırılmış enerji yığma adapterlərindən istifadə etmək tövsiyə olunur. Belə qurğular telefonun texniki tələblərinə uyğun hazırlandığı üçün həm təhlükəsiz, həm də səmərəli enerji yığılmasını təmin edir.
Bundan başqa, enerji yığma kabelinin vəziyyətinə də diqqət yetirmək lazımdır. Əzilmiş, qırılmış və ya zədələnmiş kabellər enerji yığılmasının keyfiyyətini aşağı salır və uzun müddətdə batareyanın istifadə müddətinə mənfi təsir göstərə bilər.