Telefonunuzda  təhlükə   - hansı SMS mesajlarını   açmamalısınız?
01 aprel 2026 11:34 (UTC +04:00)

Telefonunuzda təhlükə - hansı SMS mesajlarını açmamalısınız?

0

Kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərə xəbərdarlıq ediblər ki, bəzi SMS mesajlarının telefonda saxlanılması şəxsi məlumatlar, hesablar və maliyyə üçün ciddi risk yarada bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların sözlərinə görə, xüsusilə login və şifrə olan SMS-lər ən təhlükəli kateqoriyaya daxildir.

Bu məlumatların mesajlarda saxlanılması cihaz itirildikdə və ya üçüncü şəxslərin əlinə keçdikdə hesabların asanlıqla ələ keçirilməsinə səbəb ola bilər. Mütəxəssislər belə məlumatların təhlükəsiz tətbiqlərdə və ya xüsusi şifrə menecerlərində saxlanmasını tövsiyə edir.

Riskli məlumatlar siyahısına şəxsi yazışmalar və həssas kontent də daxildir. Telefon itirildikdə bu məlumatlar şantaj və ya dələduzluq məqsədilə istifadə oluna bilər. Buna görə də belə mesajları uzun müddət saxlamaq məsləhət görülmür.

Ekspertlər xüsusilə şübhəli linklər olan SMS-lərə diqqət çəkir. Bu tip mesajlar çox vaxt fişinq hücumları üçün istifadə olunur və istifadəçiləri saxta bank və ya xidmət saytlarına yönləndirə bilər. Tövsiyə olunur ki, bu cür mesajlar dərhal silinsin və linklərə keçid edilməsin.

Birdəfəlik giriş linkləri və ya kodlar da potensial təhlükə yaradır. Onlardan istifadə etdikdən sonra mesajları silmək tövsiyə edilir ki, sonradan icazəsiz giriş riski yaranmasın.

Bundan əlavə, bank məlumatları, balans, kart rekvizitləri və ya əməliyyat detalları olan SMS-lərin yığılması da təhlükəli hesab olunur. Hətta qismən məlumatlar belə kiberdələduzlar tərəfindən istifadə edilə bilər.

Mütəxəssislər həmçinin cihazların məxfilik ayarlarına diqqət yetirməyi tövsiyə edir. Bəzi hallarda smartfon və smart televizorlardakı səs funksiyaları istifadəçi məlumatlarını toplaya bilər. Bu səbəbdən lazımsız funksiyaların deaktiv edilməsi tövsiyə olunur.

Ekspertlərin fikrincə, sadə təhlükəsizlik qaydalarına əməl etməklə şəxsi məlumatları və maliyyə təhlükəsizliyini qorumaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar