Son illərdə smartfon bazarında uzun və ensiz ekranlı modellər üstünlük təşkil edirdi. Ancaq istehsalçıların yeni cihazları telefonların yenidən daha enli formaya qayıtdığını göstərir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik xüsusilə 2026-cı ildə təqdim olunan qatlanan smartfonlarda nəzərə çarpır. “Samsung Galaxy Z Fold 8” daha yığcam və enli gövdəsi ilə bazarda diqqət çəkib.
“Samsung”un rəsmi məlumatına görə, “Galaxy Z Fold 8” 5,5 düymlük xarici və 7,6 düymlük daxili ekranla təchiz olunub. Xarici ekranın tərəflər nisbəti 10:16, açılan əsas ekranın nisbəti isə 4:3-dür. Şirkət bu formanın film izləmək, oyun oynamaq, elektron kitab oxumaq və internetdən istifadə üçün əlverişli olduğunu bildirir.
“NapiDroid”un məlumatına görə, “Galaxy Z Fold 8”in satışları daha güclü texniki göstəricilərə malik “Z Fold 8 Ultra”nı üstələyir. Buna cihazın daha yığcam, yüngül və istifadəyə rahat olması təsir edə bilər.
“Galaxy Z Fold 8”in çəkisi 201 qram, “Ultra” modelinin çəkisi isə 215 qramdır. Standart modelin enli daxili ekranı videolara baxmaq üçün “Ultra”nın kvadrata daha yaxın ekranından daha uyğun hesab edilir.
Bu dizayn istiqaməti yalnız qatlanan telefonlarla məhdudlaşmır. “Huawei” standart gövdəli, lakin daha enli ekranla hazırlanan “Pura X View” modelini təqdim edib. Cihazın ekran tərəfləri 16:9,5 nisbətindədir. İstehsalçı bu formatın film izləmək, oyun oynamaq, kitab oxumaq və sənədlərlə işləmək üçün daha geniş görüntü sahəsi yaratdığını bildirir.
Digər Çin istehsalçılarının, o cümlədən “Oppo”nun da daha enli ekranlı modellər hazırlaya biləcəyi bildirilir. Bu format populyarlığını qoruyarsa, ənənəvi smartfon istehsalçıları da 16:10-a yaxın ekranlara qayıda bilər.
Mənbədə “iPhone Ultra” adlı qatlanan Apple modelinin də bu istiqamətdə hazırlanacağı iddia olunur. Lakin “Apple” hələ belə cihazı rəsmi olaraq təqdim etməyib və onun adı ilə satış tarixi təsdiqlənməyib.