WhatsApp istifadəçilərə telefon nömrəsini paylaşmadan ünsiyyət qurmağa imkan verən yeni istifadəçi adı funksiyasını təqdim edib. Lakin kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadəçi adının düzgün seçilməməsi məxfiliyinizə ciddi risk yarada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox istifadəçi Votsapda da İnstaqram və ya Feysbukda istifadə etdiyi eyni istifadəçi adından yararlanmaq istəyəcək.
Mütəxəssislərin fikrincə, məhz bu addım şəxsi məlumatların qorunması baxımından təhlükəli ola bilər.
Əgər WhatsApp hesabınızı Metanın Hesablar Mərkəzi ilə əlaqələndirsəniz və digər Meta platformalarında istifadə etdiyiniz eyni istifadəçi adını seçsəniz, digər şəxslər və ya kiberdələduzlar müxtəlif platformalardakı profillərinizi daha asan əlaqələndirə bilərlər. Bu isə rəqəmsal fəaliyyətinizin izlənilməsini və şəxsi məlumatlarınızın müəyyən edilməsini asanlaşdıra bilər.
Eyni istifadəçi adından istifadə etməyin
Ekspertlər Vatsap üçün İnstaqram və ya Feysbuk hesablarınızda istifadə etdiyiniz eyni istifadəçi adını seçməməyi tövsiyə edirlər. Onların sözlərinə görə, ən təhlükəsiz seçim digər sosial şəbəkələrdə istifadə olunmayan, yalnız WhatsApp üçün yaradılmış unikal istifadəçi adıdır.
Bundan əlavə, istifadəçi adında ad, soyad, doğum tarixi və ya asanlıqla təxmin edilə bilən digər şəxsi məlumatlardan istifadə etmək də məsləhət görülmür. İstifadəçi adı nə qədər fərqli və anonim olsa, spam, dələduzluq və saxta profil yaratmaq cəhdləri ilə qarşılaşmaq ehtimalı bir o qədər azalır.
Yeni funksiya nə üstünlük verir?
Yeni istifadəçi adı funksiyası istifadəçilərə telefon nömrəsini paylaşmadan tanımadıqları insanlarla yazışmağa imkan verəcək. İlk əlaqə zamanı qarşı tərəfə telefon nömrəsi deyil, yalnız istifadəçi adı görünəcək.
Mütəxəssislər hesab edirlər ki, bu funksiya məxfiliyin qorunması istiqamətində mühüm addımdır. Lakin onun nə dərəcədə təhlükəsiz olacağı istifadəçinin seçdiyi istifadəçi adından da asılıdır.
WhatsApp-da istifadəçi adını necə rezerv etmək olar?
Meta yaxın aylarda funksiyanı bütün istifadəçilər üçün tam istifadəyə verəcək. Hazırda isə unikal istifadəçi adını rezerv etmək mümkündür.
Bunun üçün Vatsap tətbiqini son versiyaya qədər yeniləyin, parametrlər bölməsinə daxil olun, hesab bölməsini seçimini açın, istifadəçi adıbölməsindən öz unikal adınızı seçin.
Funksiya aktiv olduqdan sonra yeni söhbətlərə başlamaq üçün əsas identifikator kimi məhz istifadəçi adı istifadə olunacaq və telefon nömrəsi ilk əlaqə zamanı göstərilməyəcək.