Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensoruna çevirir.
Metod Wi-Fi cihazları ilə routerlər arasında mübadilə edilən siqnalların təhlilinə əsaslanır. Söhbət siqnalın istiqamətləndirilməsi zamanı ötürülən və bəzi hallarda şifrələnməyən geribildirim məlumatlarından gedir.
İnsan Wi-Fi şəbəkəsinin əhatə dairəsinə daxil olduqda onun bədəni radio dalğalarının yayılmasına təsir göstərir. Sistem bu dəyişiklikləri təhlil etməklə insanın özünəməxsus “radio görüntüsünü” yaradır və həmin xüsusiyyətlər əsasında onu sonradan tanıya bilir.
Texnologiyanın əsas xüsusiyyəti insanın Wi-Fi şəbəkəsinə qoşulmasına ehtiyac olmamasıdır. Lazımi məlumatlar routerlə ona qanuni şəkildə qoşulmuş digər cihazlar arasındakı adi rabitədən əldə edilə bilər.
Bu səbəbdən evlərdə, ofislərdə, mağazalarda və kafelərdə olan Wi-Fi şəbəkələri potensial məlumat mənbəyinə çevrilə bilər. Tədqiqatçı Yulien Todt bildirib ki, eyni Wi-Fi şəbəkəsinin yaxınlığından mütəmadi keçən şəxs nəzəri baxımdan xəbəri olmadan əvvəlcə aşkarlana, daha sonra isə tanına bilər.
Texnologiya 197 nəfərin iştirak etdiyi təcrübədə sınaqdan keçirilib. Açıqlanan nəticələrə görə, sistem iştirakçıları 100 faizə yaxın dəqiqliklə tanıya bilib.
Mütəxəssislər bu imkanların şəxsi məlumatların qorunması ilə bağlı ciddi narahatlıq yaratdığını bildirirlər. Texnologiya geniş yayılsa, mövcud Wi-Fi infrastrukturu yalnız məlumat ötürmək üçün deyil, insanların hərəkətlərini gizli izləmək üçün də istifadə oluna bilər.
Karlsrue Texnologiya İnstitutunun professoru Torsten Ştrufe belə sistemlərin inkişafı ilə yanaşı, məxfiliyi qoruyan mexanizmlərin də hazırlanmasının vacibliyini vurğulayıb. Tədqiqatçılar gələcək Wi-Fi standartları yaradılarkən bu risklərin nəzərə alınmasına çağırırlar.