Windows 11 istifadəçiləri son dövrlərdə sistemin performansının zəifləməsindən daha çox şikayət etməyə başlayıblar. Məlum olub ki, problemin səbəbi yalnız zəif texniki göstəricilər deyil, həm də əməliyyat sisteminin özündə aktiv olan bəzi funksiyalardır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Windows 11-də resursları ciddi şəkildə istifadə edən və kompüterin işini ləngidə bilən beş əsas funksiya müəyyən edilib.
Avtostart proqramlar sistemi yükləyir
Əsas problemlərdən biri avtomatik işə düşən tətbiqlərlə bağlıdır. Bir çox proqram sistem açılan kimi işə düşür və arxa planda fəaliyyətini davam etdirərək prosessoru və operativ yaddaşı yükləyir. Bu isə kompüterin artıq açılış mərhələsində belə ağır işləməsinə səbəb olur.
Bu proqramları “Tapşırıq meneceri”ndə yerləşən “Avtostart” bölməsindən deaktiv etmək mümkündür. Bu zaman proqramlar silinmir, sadəcə sistemlə birlikdə işə düşmələri dayandırılır.

Vidcetlər və xəbər paneli resurs sərf edir
Windows 11-də inteqrasiya olunmuş vidcetlər və xəbər paneli də sistemə əlavə yük yaradır. Bu alətlər hava proqnozu, xəbərlər və valyuta məzənnələri kimi məlumatları daim yeniləyir. Hətta aktiv istifadə olunmadıqda belə, CPU resurslarını sərf edir və xüsusilə zəif cihazlarda bu daha çox hiss olunur.
Bu funksiyanı deaktiv etmək üçün tapşırıq panelində boş sahəyə sağ klik edərək “Taskbar Settings” bölməsinə daxil olmaq və “Widgets” seçimini söndürmək kifayətdir.

OneDrive arxa planda sistemi yükləyir
Sistemə dərin inteqrasiya olunmuş OneDrive xidməti də performansa təsir edən amillər sırasındadır. O, faylları avtomatik sinxronizasiya edir, ehtiyat nüsxələr yaradır və dəyişiklikləri izləyir. Bu proseslər isə disk, prosessor və internet trafikinə əlavə yük yaradır.
Sinxronizasiyanı deaktiv etmək və ya OneDrive proqramını tam silmək sistemdə gecikmələrin azalmasına kömək edə bilər.
Vizual effektlər performansı azaldır
Windows 11-in müasir görünüşünü təmin edən animasiyalar, şəffaflıq effektləri və keçidlər də əlavə resurs tələb edir. Bu, xüsusilə büdcə seqmentli kompüterlərdə performansın aşağı düşməsinə səbəb ola bilər.
İstifadəçilər “Performance” (Performans) ayarları vasitəsilə bu effektləri söndürərək sistemi daha sürətli işləməyə uyğunlaşdıra bilərlər.

Windows Recall funksiyası da təsir göstərə bilər
Siyahıya süni intellekt əsaslı yeni funksiyalar, o cümlədən Windows Recall da daxil edilib. Bu texnologiya istifadəçinin fəaliyyətini analiz edərək gələcəkdə daha sürətli çıxış üçün məlumatları yadda saxlayır.
Lakin bu cür proseslər arxa planda işlədiyi üçün əlavə resurs sərf edir və xüsusilə zəif sistemlərdə performansa mənfi təsir göstərə bilər. Qeyd olunur ki, Recall funksiyası yalnız məhdud sayda yeni cihazlarda mövcuddur.
Onu deaktiv etmək üçün “Start” menyusunda “Windows komponentlərini aktivləşdirmək və ya söndürmək” bölməsinə daxil olaraq Recall seçimini söndürmək lazımdır.

Mütəxəssislərin fikrincə, əlavə texniki yeniləmələr etmədən də Windows 11-in işini sürətləndirmək mümkündür. Bunun üçün istifadəçilərə sistem ayarlarını optimallaşdırmaq, lazımsız funksiyaları deaktiv etmək və arxa planda işləyən prosesləri minimuma endirmək tövsiyə olunur.
