Xiaomi şirkəti ev üçün nəzərdə tutulmuş cihazlar xəttini genişləndirərək yeni Mijia Vertical Study Lamp 2 masa lampasını təqdim edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni model sahəsi 15 kvadratmetrə qədər olan otaqlar üçün nəzərdə tutulub və oxuma, yazı və rəsm kimi fəaliyyətlər zamanı gözlər üçün daha rahat və təhlükəsiz işıqlandırma yaratmağa yönəlib.
Lampanın əsas texniki xüsusiyyətlərindən biri uzunömürlü LED diodlardan istifadə olunmasıdır. İstehsalçı onların təxminən 17 ilədək xidmət müddəti olduğunu bildirir.
Yeni lampa 12 700 lümen gücündə işıq axını yaradır və işıqlandırmanın bərabər paylanma göstəricisi 1,04 təşkil edir. İstehsalçının sözlərinə görə, iş sahəsinin mərkəzində 1800 lüksdən çox işıqlanma təmin olunur və xüsusi konstruksiya sayəsində kölgələr demək olar ki, yaranmır.
Qeyd edilir ki, Study Lamp 2 modeli əvvəlki versiyadan 27 faiz daha parlaqdır.
Cihazda süni intellektə əsaslanan ağıllı işıq tənzimləmə sistemi və insanın mövcudluğunu müəyyən edən sensor quraşdırılıb. Bu funksiya lampanın istifadəçinin fəaliyyətinə uyğun olaraq işıq səviyyəsini avtomatik dəyişməsinə imkan verir.
Lampanı həm korpus üzərində yerləşən sensor idarəetmə paneli, həm də Mi Home mobil tətbiqi vasitəsilə uzaqdan idarə etmək mümkündür. Bu da cihazın Xiaomi-nin ağıllı ev ekosisteminə inteqrasiyasını təmin edir.
İstehsalçı bildirir ki, lampanın yaratdığı işıq təbii gün işığına maksimum yaxın şəkildə tənzimlənib.
Yeni məhsulun Çində satışına artıq başlanılıb. Lampanın rəsmi qiyməti 2499 yuan (təxminən 363 dollar) təşkil edir. Lakin promosyon dövründə onu 2349 yuan (təxminən 350 dollar) qiymətinə əldə etmək mümkündür.
Bundan əlavə, dövlət subsidiyası tətbiq edildikdə cihazın yekun qiyməti 1996,65 yuan (təxminən 290 ABŞ dolları) səviyyəsinə qədər azalır.