Yer yoxdur, amma şəkilləri silmək   istəmirsiniz - Telefonun yaddaşını  necə təmizləmək   olar?
01 iyun 2026 16:47 (UTC +04:00)

Yer yoxdur, amma şəkilləri silmək istəmirsiniz - Telefonun yaddaşını necə təmizləmək olar?

0

Smartfon ekranında yaddaşın dolduğunu göstərən bildiriş görünəndə əksər istifadəçilər ilk növbədə şəkil və videolarını silmək barədə düşünür. Halbuki telefon yaddaşını ən çox dolduran səbəblərdən biri media faylları deyil, illərlə yığılan rəqəmsal zibillərdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, düzgün təmizləmə üsulları ilə heç bir vacib şəkli silmədən bir neçə, hətta onlarla giqabayt yaddaş boşaltmaq mümkündür.

Keşi təmizləyin

Sosial şəbəkələr, brauzerlər və müxtəlif tətbiqlər istifadə zamanı minlərlə müvəqqəti faylı telefonda saxlayır. Bu fayllar keş adlanır və zamanla böyük həcmdə yaddaş tutur.

Android istifadəçiləri “tənzimləmələr” bölməsinə daxil olub “tətbiqlər” hissəsindən ən çox yer tutan proqramları seçə bilər. Daha sonra “yaddaş” bölməsində “keşi təmizlə” düyməsini sıxmaq kifayətdir. Burada “məlumatları sil” seçiminə toxunmamaq vacibdir, çünki bu halda hesabdan çıxış edilə və telefon sıfırlana bilər.

Apple cihazlarında isə sistem fərqli işləyir. iPhone istifadəçiləri “tənzimləmələr” ---- “əsas” ---- “iPhone yaddaşı” bölməsinə keçərək böyük həcm tutan proqramları silib yenidən yükləyə bilər. Bu zaman şəxsi məlumatlar bulud sistemindən bərpa olunur, gizli tullantılar isə silinir.

Mesencerləri yoxlayın

Mesencerlər yaddaşı ən çox dolduran tətbiqlərdən hesab olunur. Çünki göndərilən videolar, şəkillər, səs yazıları və sənədlər avtomatik olaraq telefona yüklənir.

Telegram istifadəçiləri “tənzimləmələr” --- “məlumat və yaddaş” --- “yaddaş istifadəsi” bölməsində “keşi təmizlə” funksiyasından istifadə edə bilər. Ekspertlər media fayllarının saxlanma müddətini bir həftə kimi məhdudlaşdırmağı tövsiyə edir.

Viber tətbiqində isə “Daha çox” bölməsindən “tənzimləmələr” --- “yaddaş istifadəsi” hissəsinə keçərək artıq faylları silmək mümkündür. Bundan əlavə, “media faylları” bölməsində avtomatik qalereya yaddaşını söndürmək tövsiyə olunur.

WhatsApp istifadəçiləri “yaddaş və məlumatlar” --- “yaddaşı idarə et” bölməsində ən çox yer tutan çat və videoları görə, lazımsız faylları bir neçə toxunuşla silə bilər.

Dublikat və yükləmələri silin

Telefonlarda eyni şəkillərin, ekran görüntülərinin və sənədlərin bir neçə dəfə saxlanılması geniş yayılmış problemdir. Bu faylları əl ilə tapmaq çətin olduğundan xüsusi proqramlardan istifadə tövsiyə edilir.

Android cihazları üçün "Files by Google" tətbiqi yaddaşı analiz edərək dublikat şəkilləri və köhnə sənədləri aşkar edir.

iPhone istifadəçiləri isə "Gemini Photos" proqramı vasitəsilə oxşar şəkilləri və lazımsız kadrları rahatlıqla silə bilər.

Bundan başqa, “Downloads” qovluğunu yoxlamaq da vacibdir. Çünki köhnə biletlər, PDF sənədlər və quraşdırma faylları illərlə burada qala bilir.

Oflayn məzmunu nəzarətdə saxlayın

Sürətli internet səbəbindən istifadəçilər telefona nə qədər musiqi və video yüklədiyini çox vaxt unudur.

"Spotify" və "YouTube Music" kimi servislərdə illərlə saxlanılan pleylistlər böyük yaddaş tutur. Eyni vəziyyət podkast və audiokitab tətbiqlərində də müşahidə olunur.

YouTube və TikTok proqramlarında oflayn baxış üçün saxlanılan videolar da daxili yaddaşı sürətlə doldura bilər.

İstifadə edilməyən proqramları silin

Ən effektiv üsullardan biri uzun müddətdir istifadə olunmayan tətbiqləri silməkdir. Çox vaxt insanlar bir dəfə istifadə etmək üçün proqram yükləyir və sonra onu unudur.

iPhone modellərində “istifadə olunmayan tətbiqləri sil” funksiyası proqramı avtomatik silir, lakin məlumatları saxlayır. Android cihazlarında isə tətbiqləri son istifadə tarixinə görə sıralayıb lazımsız proqramları silmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, yalnız bir neçə istifadə edilməyən oyun və tətbiqin silinməsi belə telefonda bir neçə giqabayt əlavə yer aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar