Dünyanın ən böyük konsert salonları,  möhtəşəmliyi ilə göz qamaşdıran səhnələr – ARAŞDIRMA
06 may 2024 14:39 (UTC +04:00)

Dünyanın ən böyük konsert salonları, möhtəşəmliyi ilə göz qamaşdıran səhnələr – ARAŞDIRMA

Konsert salonları musiqinin ürəyinin döyündüyü, həyatımızın əvəzolunmaz yerləridir. Bu məkanlarda yaşadığımız təcrübələri unudulmaz edən təkcə ifa olunan musiqinin keyfiyyəti deyil, həm də memarlıq dizaynının estetik və funksionallıq baxımından istifadəçilərə maksimum rahatlıq və zövq bəxş edə bilməsidir. İnsanlar üçün sevdikləri sənətçiləri görmək, dinləmək nə qədər vacibdirsə, musiqinin olduğu yer də bir o qədər önəmlidir. 

Lent.az bu dəfə kiçik bir araşdırma edərək dünyanın ən böyük və möhtəşəmliyi ilə göz qamaşdıran 10 səhnəsini təqdim edir: 

Melburn Teatrı

Bu teatr salonu vəhşi və enerjili, eyni zamanda parlaq işıqlandırma və təəccüblü tərəfləri ilə qeyri-adi xarici dizayna malikdir. Buranın içərisi olduğu kimi çölü də möhtəşəm və müasir dizayna malikdir. Melburn teatr binasının çəhrayı flüoresan işıqlandırmalı, qara və narıncı ağacdan olan tamaşa zalları var. Bu bina memarlıq inkişafı ilə seçilən Melburn şəhərindən heç də geri qalmır.

Johann Sebastian Bax musiqi zalı

Bəstəkar İohan Sebastyan Bax kimi, memar Zaha Hadidin layihələndirdiyi bu zalda eynilə incəliklə hesablanmış ritmlərin görüntüsünü müşahidə etmək mümkündür. Mançester İncəsənət Qalereyasında barokko bəstəkarının musiqilərinin təqdimatı üçün nəzərdə tutulan bu salon Mançester Beynəlxalq Mədəniyyət Festivalının da sevimlisinə çevrilib. Polad çərçivənin üzərinə çəkilmiş şəffaf, akril membran konsert zalını əhatə edərək sehrli ağ-qara musiqi mühiti yaradır.

Harpa konsert zalı və konfrans mərkəzi 

Otellər, biznes mərkəzləri və ticarət zonalarından ibarət böyük kompleksin bir hissəsi kimi planlaşdırılan konsert zalının tikintisi 2008-ci ildə maliyyə böhranı ilə dayandırılmışdı. Tikintisinə 2009-cu ilin sonunda yenidən başlanılıb, 2 il davam edib və bina 2011-ci il mayın 13-də istifadəyə verilib.

Madison Square Garden

19-cu əsrdə eyni ərazidə iki konsert salonu üzərində inşa edilən bugünkü zal 1968-ci il fevralın 11-də Nyu-Yorkda açılıb. Həm idman, həm də sənət fəaliyyətlərinə ev sahibliyi edən nadir binalardan biri olan MSG-nin qiyməti 1,1 milyard dollardır.

Konzerthaus Berlin

1821-ci ildə açılışı olan binanın tikintisi 3 il çəkib və teatr kimi fəaliyyət göstərən binanın ilk adı Schauspielhaus Berlin idi. İkinci Dünya Müharibəsindən sonra çoxməqsədli konsert zalı kimi istifadə olunmağa başlayan bina indiki adını 1994-cü ildə alıb.

Walt Disney konsert zalı

Memar Frank Gehrinin işi həmişə ya böyük uğur, ya da tam məyusluq olub. Walt Disney konsert zalı isə memarın aydın və təmiz uğuru kimi göstərilir. Hazırda Los-Ancelesin ən tanınmış salonlarından biri olan bu bina artıq şəhərin mədəni irsi sırasında öz yerini tutub. 2265 yerlik zalın metal əyri xarici görünüşü onu xeyli cəlbedici edir. 

Vyana Dövlət Operası

1869-cu ildə istifadəyə verilmiş binanın layihəsini çex memar İosif Hlavka edib. Əsl adı Wiener Hofoper olan bina 1920-ci ildə Habsburqların getməsindən sonra Vyana Dövlət Operası adlandırılıb.

Symhony Hall 

1991-ci ildə istifadəyə verilən zal 2262 nəfərlik oturacaq tutumuna malikdir. Layihədə çox uğurlu akustik ustası Russel Conson iştirak edib. 

Bolşoy teatrı 

Memar Cozef Bove tərəfindən layihələndirilən bina 1825-ci ildə açılıb. Ancaq zamanla dəfələrlə təmir edilib. Sonuncu təmir 2011-ci ildə tamamlanıb və 6 il davam edən təmirin 688 milyon dollara başa gəlməsi Rusiyada böyük müzakirələrə səbəb olmuşdu. 

Stadtcasino Bazel 

1500 nəfər tutumlu Stadtcasino Bazel 1876-cı ildə açılıb. Mükəmməl arxitekturaya malik olan zal akustika baxımından da tamaşaçılara musiqi ziyafəti təqdim edir. 


 

# 2589
avatar

Sevinc Fərid

Oxşar yazılar