Dünyanın ən turistik məkanının adı açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu il “Dünyanın ən arzuolunan ölkəsi” adı sonuncu dəfə on ildən çox əvvəl zirvədə olan Yaponiyaya qismət olub.
Yaponiya istənilən növ istirahət üçün geniş imkanlar təklif edir: çimərliklər, dağlar, əsrlərlə yaşanan tarix və mədəniyyət, dünya səviyyəsində əyləncə parkları, eləcə də planetin ən böyük şəhəri olan Tokio.
Tokio və Kioto kimi şəhərlər populyarlığını qorusa da, səyahətçilər artıq Sikoqunun vəhşi sahillərinə, Kanadzavanın ustalarının emalatxanalarına və Yaponiya ruhunun ən güclü hiss olunduğu ucqar adalara üz tuturlar.
İnnovasiya, dəqiqlik və ənənələrin birləşməsi insanları yenidən bu ölkəyə qayıtmağa vadar edir... Yaponiya maraqla səyahət edənləri mükafatlandırır.
Tokionun kitab kvartalı Cimboço da dünyanın ən yaxşı rayonları siyahısında birinci olub. Yerli ekspert Şota Naqoanın sözlərinə görə, bu məkan “Tokionun intellektual nəslinin sevimli toplaşma yeridir”.
Tokio 2025-ci ilin ən yaxşı şəhərləri reytinqinə də daxil edilib.
Kosta-Rika və Kanada ilk üçlükdə
Reytinqdə ikinci yeri Kosta-Rika tutub. Mərkəzi Amerika ölkəsi öz möhtəşəm təbiəti və zəngin faunası ilə tanınır. Burada Time Outun fikrincə, dünyanın “ən az qiymətləndirilən yeri”, Osa yarımadası yerləşir. Səyahət redaktoru Qreys Bird onu “dünyanın ən böyük eko-macəralarından biri” adlandırır.
Üçüncü yerdə isə təbii gözəlliyi ilə məşhur Kanada qərarlaşıb.
Dünyanın ən arzuolunan 10 ölkəsi
Wanderlust jurnalının oxucularına görə, planetin ən çox arzu olunan turizm məkanları bunlardır: Yaponiya, Kosta-Rika, Kanada, Avstraliya, Peru, Cənubi Afrika, ABŞ, Yeni Zelandiya, Braziliya və Ekvador.