Tofiq Bakıxanov
24 avqust 2026 16:24 (UTC +04:00)

Tofiq Bakıxanov

Tofiq Bakıxanov kimdir? - Üzeyir Hacıbəyovun konservatoriyaya imtahansız qəbul etdiyi bəstəkar

0

Ötən gün - 23 avqust Xalq artisti Tofiq Bakıxanov vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdm edir.

-Tofiq Bakıxanov kimdir?

Tofiq Bakıxanov Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, professordur.

-O neçənci ildə və harada dünyaya gəlib?

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.

-T.Bakıxanovun təhsil həyatı necə keçib?

O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb -  buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Qara Qarayevin sinifi) bitirib.

-Tofiq Bakıxanov hansı məşhur nəslin nümayəndəsidir?

Bakıxanovlar nəslinin kökləri Bakı xanlarına gedib çıxır. Onun atasının babası tarixçi və maarifçi Abbasqulu ağa Bakıxanov bu nəslin ən görkəmli nümayəndələrindən biri hesab edilir. 

-Tofiq Bakıxanovun bəstəkarlıq fəaliyyətində müəllimi Qara Qarayevdən başqa hansı bəstəkarın rolu olub?

Gənc yaşlarında Üzeyir Hacıbəyov onun çıxışlarını izləyib. Üzeyir bəyin 60 illik yubileyində Tofiq Bakıxanov skripkada “Arşın mal alan” əsəri əsasında yazılmış “Fantaziya”nı ifa edib. Sonralar Üzeyir Hacıbəyovun tapşırığı ilə Tofiq Bakıxanov konservatoriyaya imtahansız qəbul edilib.

-Onun atası və əmisini repressiya qurbanı olmasından kim xilas edib?

1937-ci il T.Bakıxanovun atası Əhməd Bakıxanov və əmisi Məmməd Bakıxanov İran musiqisini təbliğ etməsi iddiası ilə həbs edilir. Bundan xəbər tutan Üzeyir Hacıbəyov Mir Cəfər Bağırovdan xahiş edir ki, onların azadlığa buraxılması üçün yardım etsin. Beləliklə, Üzeyir Hacıbəyovun xahişi, Mir Cəfər Bağırovun göstərişi ilə Bakıxanovlar qardaşları repressiya qurbanı olmaqdan xilas edilirlər. 

-Bəstəkarın ailə həyatı necə olub?

1960-cı ildə ailə həyatı quran Tofiq Bakıxanovun bu evlilikdən Nigar və Vahid adlı övladları dünyaya gəlib.

-O, məşhur "Nigar" simfoniyasını kimə həsr edib?

-Onun qızı, Ziya Bünyadovun tələbəsi Nigar Bakıxanova şərqşünas alim olub. Lakin o, erkən - 34 yaşında qan xəstəliyindən qəfil vəfat edib. Bəstəkar "Nigar" simfoniyasını qızına həsr edib.

-O, başqa hansı məşhur əsərlərin müəllifidir?

Tofiq Bakıxanov üç balet ("Xəzərə balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

-Tofiq Bakıxanov hansı mükafatlara layiq görülüb?

O, 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1983-cü ildə professor adı alıb. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının incəsənət doktoru seçilib. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatı olub. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə "Şərəf" ordeni, 8 dekabr 2025-ci ildə isə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. 2002-ci ildən prezident təqaüdçüsüdür.

-Bəstəkar hansı beynəlxalq tədbirlərdə çıxış edib?

1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının, 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış edib.

-Onun haqqında hansı film çəkilib?

Bəstəkarın haqqında "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilib.

-Tofiq Bakıxanov nə zaman dünyasını dəyişib?

Bəstəkar 23 avqust 2026-cı ildə 95 yaşında Bakıda vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar