Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İlkin Akifoğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən İlkin Akifoğlunun 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, dövlət ittihamçısı İlkin Akifoğlunun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, İlkin Akifoğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.