Parfümeriya dünyasında da dəb daim dəyişir. 2026-cı ildə əsas tendensiya təbiilik, emosional rahatlıq və fərdiliyi ön plana çıxaran ətirlərə yönəlib. Bu səbəbdən bir vaxtlar çox populyar olan bəzi qoxular artıq əvvəlki qədər maraq doğurmur.
Lent.az bu ətirləri təqdim edir:
Mütəxəssislərin sözlərinə görə, son illərdə məşhur olan şirin qoxulu "gurme" kompozisiyalar daha zərif və çoxqatlı ətirlərlə əvəzlənir. Qadınlar artıq uzun müddət qalan, xarakteri və yadda qalan qoxu izi olan ətirlərə üstünlük verirlər. Ətir yalnız xoş qoxu verməməli, həm də sahibinin fərdiliyini əks etdirməli və emosional təsir yaratmalıdır.
Sadə kompozisiyalı ətirlər populyarlığını itirir
Cəmi bir neçə əsas not üzərində qurulan minimalist ətirlər artıq əvvəlki qədər dəbdə deyil. Onların yerini vanil və müşk kimi klassik notların berqamot, zəfəran və kayen bibəri kimi gözlənilməz ətirlərlə zənginləşdirildiyi mürəkkəb kompozisiyalar tutur. Bu cür birləşmələr ətirə daha çox dərinlik və fərdilik qazandırır.
"Təmizlik qoxusu" verən ətirlər də dəyişir
Duşdan yeni çıxmış hissi yaradan sabun qoxulu ətirlər də əvvəlki populyarlığını itirməyə başlayıb. İndi belə qoxular daha incə formaya keçir. Onlar dərinin təbii qoxusu ilə uyğunlaşaraq daha zərif və fərdi effekt yaradır.
Desert və qəhvə qoxulu ətirlər geri plandadır
Təzə bişmiş şirniyyat, isti şokolad və ya ədviyyatlı qəhvəni xatırladan qoxular da əvvəlki kimi trend hesab edilmir. Onların yerini meyvə notlarının ədviyyatlar və ənbər akkordları ilə zənginləşdirildiyi daha zərif və müasir kompozisiyalar tutur. Bu qoxular cazibədarlığını qorusa da, daha balanslı və eleqant təsir bağışlayır.
İnsanlar artıq hekayəsi olan ətirləri seçirlər
Ekspertlər bildirirlər ki, bu gün alıcıları cəlb etmək üçün gözəl flakon və uğurlu reklam kampaniyası kifayət etmir. İnsanlar artıq xatirələr oyadan, emosiyalar yaradan və özünəməxsus xarakterə malik ətirlərə üstünlük verirlər. Belə kompozisiyalar sahibinin fərdiliyini ifadə etməyə kömək edir və onunla emosional bağ yaradır. Mütəxəssislərin fikrincə, müasir dövrdə ətirin dəyəri onun təkcə qoxusunda deyil, həm də yaratdığı hisslərdə və danışdığı şəxsi hekayədə ölçülür. Bu səbəbdən ətirlər getdikcə sadəcə kosmetik məhsul deyil, insanın obrazının ayrılmaz hissəsinə çevrilir.