Saç yumaq sadəcə gigiyena qaydası deyil, həm də sağlam və parlaq saçlara aparan ilk addımdır. Gözəl saç düzümü hələ fen və ya saç düzümündən əvvəl, düzgün yuma texnikası ilə başlayır.
Lent.az xəbər verir ki, qalın, parlaq və baxımlı saçlar italyan qadınlarının ən diqqətçəkən xüsusiyyətlərindən biri hesab olunur. Onlar üçün saç baxımı gündəlik gözəllik ritualının ayrılmaz hissəsidir və bu ənənə nəsildən-nəslə ötürülür.
Şampunu baş dərisinin beş nöqtəsinə çəkin
Saç ustası Rossano Ferretti bildirir ki, insanların əksəriyyəti saçını düzgün yumur. Onun sözlərinə görə, stress və gündəlik zərərli vərdişlərlə yanaşı, yanlış yuma texnikası da saçların sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəssis ilk olaraq şampunu baş dərisinin beş əsas nöqtəsinə tətbiq etməyi tövsiyə edir:
alın hissəsində saç xəttinə;
başın yuxarı hissəsinə;
sağ tərəfə;
sol tərəfə;
ənsə nahiyəsinə.
Bu üsul şampunun baş dərisinə bərabər paylanmasına və daha keyfiyyətli təmizlənməyə kömək edir. Baş dərisini yavaş hərəkətlərlə masaj edin. Şampunu çəkdikdən sonra ikinci vacib mərhələ masajdır. Mütəxəssislər yalnız barmaq uclarından istifadə etməyi məsləhət görürlər. Baş dərisini güclü sürtmək əvəzinə, yavaş və dairəvi hərəkətlərlə masaj etmək daha faydalıdır. Bu üsul qan dövranını yaxşılaşdırır, baş dərisinin oksigenlə təmin olunmasına kömək edir və saç köklərinin daha sağlam qalmasına şərait yaradır. Nəticədə saçlar daha həcmli görünür, köklər daha təmiz qalır və baş dərisində təravət hissi yaranır.
Şampundan iki dəfə istifadə edin
İtalyan mütəxəssisləri əksər hallarda saçın iki dəfə şampunla yuyulmasını tövsiyə edirlər. Birinci yuma zamanı istifadə olunan şampun baş dərisindəki piy, toz, çirk və saç düzümü üçün istifadə olunan vasitələrin qalıqlarını təmizləyir. İkinci dəfə tətbiq olunan şampun isə baş dərisini tam şəkildə təmizləyərək yuma prosesini tamamlayır.
Saçınızı tələsmədən yuyun
Mütəxəssislər saç yuyarkən tələsməməyi də vacib hesab edirlər. Qısa müddətdə tələsik yuyulan saç tam təmizlənməyə bilər. Xüsusilə şampunun tam yuyulması baş dərisinin sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Masaja və yaxalama prosesinə bir neçə dəqiqə artıq vaxt ayırmaq həm baş dərisinin balansını qorumağa, həm də saçların daha sağlam, yumşaq və parlaq görünməsinə kömək edir.