Google şirkəti yaxın iki il ərzində Kaliforniya və Florida ştatlarında 32 milyona qədər xüsusi bakteriya ilə yoluxdurulmuş ağcaqanadın buraxılması üçün ABŞ dövlət qurumlarından icazə istəyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, layihənin məqsədi təhlükəli ağcaqanadların sayını azaltmaq və onların yaydığı xəstəliklərin qarşısını almaqdır.
Bu ağcaqanadlar “Volbaxiya” adlı bakteriya ilə yoluxdurulub. Layihənin işləmə qaydasına görə, laboratoriyada yetişdirilən erkək ağcaqanadlar vəhşi dişi ağcaqanadlarla cütləşir və bakteriyanın təsiri nəticəsində onların nəsli inkişaf etmir. Bunun sayəsində bölgələrdə təhlükəli ağcaqanadların sayının mərhələli şəkildə azalacağı gözlənilir.
Google şirkətinin təqdim etdiyi müraciət hazırda ABŞ-nin ətraf mühitin qorunmasına cavabdeh qurumu tərəfindən araşdırılır. Son qərar verilməzdən əvvəl mütəxəssislərin və yerli sakinlərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi planlaşdırılır.
Layihə cəmiyyətdə fərqli fikirlərə səbəb olub. Dəstəkləyənlər hesab edir ki, bu addım xəstəliklərin yayılmasının azalmasına və həşəratlara qarşı kimyəvi vasitələrin istifadəsinin azaldılmasına kömək edə bilər. Tənqid edənlər isə yerli təbiət mühitinə mümkün təsirlərin daha dərindən araşdırılmasının vacib olduğunu bildirirlər.