Sürücü qızları mindirdi,  kişini avtobusa buraxmadı  - Rəsmi CAVAB
23 sentyabr 2026 11:44 (UTC +04:00)

Sürücü qızları mindirdi, kişini avtobusa buraxmadı - Rəsmi CAVAB

0

Sosial şəbəkələrdə “M3” nömrəli ekspers avtobusunun sürücüsünün hərəkətləri ilə bağlı şikayət paylaşılıb.

Lent.az xəbər verir ki, kişi sərnişinin sözlərinə görə 77-JF-039 dövlət qeydiyyat nişanlı avtobusunun sürücüsü onun avtobusa daxil olmasına icazə verməyib, qapıları bağlayıb, lakin həmin şəxs uzaqlaşandan sonra sürücü digər sərnişinlər üçün yenidən qapını açıb.

“Hadisə zamanı dayanacaqda 2-3 ədəd M3 Ekspres avtobusu və çoxlu sayda sərnişin var idi. Sərnişinlər avtobuslara növbə ilə qəbul olunurdu. Sözügedən avtobusun sürücüsü məndən əvvəl dayanacaqda olan 3-4 gənc tələbə qızın avtobusa minməsinə icazə verdi. Daha sonra mən avtobusa yaxınlaşıb minmək istədikdə isə sürücü qapını bağladı və mənə "qabaqdakı avtobusa min" dedi.

Bundan sonra qabaqdakı avtobusa minməli oldum və bunu da çətinliklə bacardım. Maraqlısı odur ki, mən qabaqdakı avtobusa minən kimi həmin sürücünün avtobusun qapılarını yenidən açdığını gördüm, və artıq hamını mindirməyə başladı”, deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı “Bakubus”dan Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, M3 Ekspres marşrut xətti üzrə qeydə alınan hal avtobusun videomüşahidə kameralarının görüntüləri əsasında araşdırılıb:

“Müəyyən edilib ki, həmin vaxt dayanacaqda sərnişin sıxlığı nəzərə alınaraq avtobuslara minik prosesi dispetçerin təlimatı əsasında tənzimlənib. Sözügedən avtobusda sərnişin tutumu dolduğundan sürücü qapıları bağlayıb və avtobusa minə bilməyən sərnişinlərdən dayanacaqda olan digər M3 Ekspres avtobusuna keçmələrini xahiş edib.

Videogörüntülərdə sürücünün sərnişinlər arasında hər hansı fərq qoyduğunu təsdiq edən hal qeydə alınmayıb. Sərnişinlərin qadın və ya kişi olması onların avtobusa qəbul edilməsi zamanı hər hansı üstünlük və ya məhdudiyyət üçün əsas deyil. Sürücü mövcud vəziyyətdə dispetçerin təlimatına uyğun hərəkət edib.

Sərnişinlərimizdən xüsusilə sıxlığın müşahidə edildiyi vaxtlarda minik prosesinin təhlükəsiz və nizamlı şəkildə həyata keçirilməsi üçün sürücü və dispetçerlərin yönləndirmələrinə anlayışla yanaşmaları xahiş olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar