Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: xammaldan hazır məhsula
23 sentyabr 2026 10:43 (UTC +04:00)

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: xammaldan hazır məhsula

0

Azərbaycan iqtisadiyyatında yeni artım mənbələrinin formalaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin mövcud resurs potensialından daha səmərəli istifadə edilməsi qarşıdakı illər üçün əsas iqtisadi prioritetlərdən biri olaraq qalır. Uzun müddət iqtisadi artımın və ixrac gəlirlərinin əsas hissəsini təmin edən neft-qaz sektorunda hasilatın tədricən azalması fonunda iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi daha böyük əhəmiyyət qazanır. Bu baxımdan qeyri-neft sənayesinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və yerli xammal bazasının iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb edilməsi Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Bu prosesdə dağ-mədən və metallurgiya sənayesi xüsusi potensiala malik sahələrdən biri kimi çıxış edir. Azərbaycan zəngin mineral-xammal ehtiyatlarına, müxtəlif metal filizlərinin mövcud olduğu yataqlara və bu resursların hasilatı və emalı üçün formalaşan sənaye bazasına malikdir. Bununla belə, uzun illər ərzində ölkənin dağ-mədən potensialının bütün imkanlarından tam istifadə edilməyib. Qarşıdakı dövrdə əsas məsələ mövcud ehtiyatların müəyyənləşdirilməsi və hasilatın artırılması ilə yanaşı, bu xammalın ölkə daxilində emal olunması, metallurgiya istehsalının genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçidin təmin edilməsidir.

“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” da məhz bu istiqamətdə yeni mərhələnin əsas çərçivəsini müəyyən edir. Dördillik proqramın geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, hasilat və emal imkanlarının artırılması, metallurgiya sənayesinin inkişaf etdirilməsi və bu sahədə yeni istehsal zəncirlərinin yaradılmasına yönəldilməsi nəzərdə tutulur. Proqramın xüsusilə işğaldan azad edilmiş ərazilərdəki mineral-xammal potensialının öyrənilməsi və istifadəyə verilməsi baxımından da əhəmiyyəti böyükdür.

Söhbət yalnız yeni yataqların istismara verilməsindən getmir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı paralel olaraq yeni investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi, sənaye müəssisələrinin yaradılması, məşğulluğun artırılması və ixrac imkanlarının genişləndirilməsi üçün də imkanlar yaradır. Bu baxımdan Dövlət Proqramının nəticələri yalnız mədənçilik və metallurgiya sahəsinin göstəriciləri ilə məhdudlaşmaya, daha geniş mənada qeyri-neft sənayesinin strukturuna və ölkənin ixrac potensialına təsir göstərə bilər.

5 mindən çox yeni iş yerinin yaradılması və dövlət büdcəsinə 1 milyard manatdan çox gəlirin daxil olması proqnozlaşdırılır...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamovun sözlərinə görə, “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"Uzun illər Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biri neft-qaz sektoru olub. Lakin neft hasilatında azalmanın müşahidə olunması iqtisadi artım templərinə də təsir göstərir. Bu baxımdan qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qeyri-neft iqtisadiyyatında 5,4 faizlik artımın qeydə alınması isə bu istiqamətdə müsbət dinamikanın olduğunu göstərir.

Dörd il müddətinə nəzərdə tutulan Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilməsinə imkan yarada bilər. Uzun illər ərzində bu sahənin mövcud potensialından tam istifadə olunmayıb. Yeni proqram çərçivəsində isə həm geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, həm də hasilat, emal və istehsal imkanlarının artırılması nəzərdə tutulur.

Müəyyən edilmiş hədəflərə əsasən, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması və dövlət büdcəsinə 1 milyard manatdan çox gəlirin daxil olması proqnozlaşdırılır. Bu göstəricilər proqramın yalnız sənaye baxımından deyil, həm də sosial-iqtisadi baxımdan əhəmiyyətini göstərir.

Azərbaycan faydalı qazıntılarla zəngin ölkədir. Ölkəmizin faydalı qazıntılarla zəngin ərazilərinin böyük hissəsi 30 il Ermənistanın işğalı altında olub. Ermənistan suveren ərazilərimizdə qeyri-qanuni hasilatlar aparmaqla ölkəmizin təbii sərvətlərini talayıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həmin ərazilərin təbii sərvətlərindən ölkəmizin milli maraqları naminə istifadə etmək üçün yeni imkanlar yaradıb”, - Azər Badamov bildirib.

Onun sözlərinə görə, Ağdərə, Zəngilan və Kəlbəcərdə hələ sovet illərində aparılmış geoloji kəşfiyyat işləri nəticəsində qızıl, mis və molibdenlə zəngin yataqlar müəyyən edilib. Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş digər ərazilərdə də geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan və digər regionlarda geoloji kəşfiyyat işləri genişləndiriləcək, ölkənin faydalı qazıntı potensialı daha ətraflı öyrəniləcək və müəyyən edilmiş ehtiyatların istehsal proseslərinə cəlb olunması təmin ediləcək.

Daşkəsəndə yaradılmış Qərb Sənaye Parkı dağ-mədən və metallurgiya sənayesinin inkişafına mühüm təkan verəcək. Bununla yanaşı, Avropanın ən böyük yataqlarından biri hesab olunan Balakən-Filizçay mədənində iqtisadi-texniki əsaslandırma işlərinin başa çatdırılması və yatağın istehsal proseslərinə cəlb olunması da qarşıya qoyulan mühüm hədəflərdəndir.

“Burada əsas məqsəd yalnız yeraltı sərvətlərin hasil edilərək xammal şəklində satılması deyil. Əsas hədəf hasilatdan emala, hazır məhsul istehsalına qədər bütün dəyər zəncirinin formalaşdırılmasıdır. Yəni xammalın ölkə daxilində emal edilməsi, daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalının təşkili və beləliklə, faydalı qazıntıların iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılması nəzərdə tutulur”, - deputat vurğulayıb.

O əlavə edib ki, Dövlət Proqramının uğurlu icrası xarici investisiyaların ölkəyə cəlb olunmasına, müasir texnologiyaların gətirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına, məhsul çeşidlərinin genişləndirilməsinə, ixrac imkanlarının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verə bilər.

“Bu gün qlobal bazarlarda dağ-mədən və metallurgiya məhsullarına tələbat yüksəkdir. Azərbaycanın zəngin mineral-xammal bazası və əlverişli investisiya imkanları bu sahənin inkişafı üçün geniş perspektivlər yaradır. Ona görə də hesab edirəm ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun genişlənməsinə və iqtisadi artımın yeni mənbələrinin formalaşmasına mühüm töhfə verəcək.

Dövlət Proqramında qarşıya qoyulan hədəflərin reallaşdırılması nəticəsində qarşıdakı illərdə Azərbaycanın dağ-mədən və metallurgiya məhsullarının xarici bazarlarda daha geniş çeşiddə təmsil olunması və ölkənin ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”, - Azər Badamov qeyd edib.

"Made in Azerbaijan" brendinin beynəlxalq metallurgiya bazarında rəqabət gücü artacaq...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, dünyada texnoloji inkişafın sürətləndiyi bir dövrdə Azərbaycanın öz mineral xammal bazasını qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar sənaye zəncirinin tam qapalı dövrədə - hasilatdan başlayaraq dərin emala və nəhayət, son məhsul istehsalına qədər ölkə daxilində qurulmasını tələb edir. Dövlət Proqramının əsas fəlsəfəsi məhz bu iqtisadi hədəfə əsaslanır: yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsulları yaradaraq qlobal bazarlara daha geniş çıxış əldə etmək. Bu, "Made in Azerbaijan" brendinin beynəlxalq metallurgiya bazarında rəqabət gücünü qat-qat artıracaq.

Sənəddə müəyyən edilmiş hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması ölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfə çatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət sektorunu təmsil edən "AzerGold" QSC-nin artan ixrac göstəriciləri, xüsusən də cari ilin ilk 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialını nümayiş etdirir. Gələcəkdə "Daşkəsən" dəmir filizi yatağı bazasında 2 milyon ton istehsal gücünə malik isti briketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ən perspektivli yataqlardan sayılan "Filizçay"da mis, sink və qurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan və Qarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləri dəfələrlə artıracaq.

Ayxan Qədəşov Proqramın ölkəmizə gətirəcəyi strateji dividentləri izah edərək qeyd edib ki, dərin emal sənayesinin qurulması Azərbaycanı dünya bazarında xammal ölkəsi statusundan çıxararaq qlobal təchizat zəncirində, xüsusən avtomobilqayırma və bərpaolunan enerji sektorlarında etibarlı “B2B” tərəfdaşına çevirəcək. Məhsullarımızın müasir standartlarla daxildə emalı beynəlxalq “ISO” və sənaye sertifikatlarının alınmasını təmin edərək, Qərb sənaye klasterlərinə birbaşa nüfuz etməyimizə imkan verəcək. Ən vacib məqamlardan biri "yaşıl metallurgiya" trendidir. Azad edilmiş ərazilərdə və Naxçıvanda formalaşdırılan "yaşıl enerji"nin metallurgiyaya tətbiqi ilə karbon ayaq izi aşağı olan "yaşıl metallar" istehsal olunacaq ki, bu da Avropanın Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə (CBAM) tam uyğun olaraq ixrac rəqabətliliyini yüksək səviyyəyə qaldıracaq. Yekun etibarilə, həm istehsal həcmlərinin dəfələrlə artması, həm də beynəlxalq standartlaşma Azərbaycan məhsullarının London Metal Birjası kimi qlobal əmtəə birjalarında və “B2B” elektron ticarət platformalarında birbaşa, rəqəmsal yollarla realizasiyasına fundamental zəmin yaradacaq.

Müşavirədə qeyd olunan investisiya siyasətinə toxunan Ayxan Qədəşov bildirib ki, layihələrin icrası üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiyanın 80 faizinin özəl və borc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici sərmayə mühitinin göstəricisidir. Bu strateji yanaşma həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına aktiv inteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır.

Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyəti də dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılması ölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digər tərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaat kimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalını stimullaşdıracaq.

Ayxan Qədəşov vurğulayıb ki, son illərdə uğurla formalaşdırılmış güclü elektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyük və enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etmək imkanı verir. Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən bu Dövlət Proqramı Azərbaycanın uzunmüddətli sənaye təhlükəsizliyini təmin edən, qeyri-neft sənayesini qlobal ticarətin mərkəzinə daşıyan və ölkəmizin regionda sənaye qovşağı kimi mövqeyini sarsılmaz edən fundamental bir addımdır.

Onu da qeyd etmək lazımdır ki, dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi qeyri-neft sektoruna yeni imkanlar açır, lakin bu inkişaf iqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsiplərinə də əsaslanmalıdır.

Dağ-mədən sənayesinin inkişafında əsas məsələ təbii ehtiyatların iqtisadi dəyərə çevrilməsi ilə təbii kapitalın qorunması arasında balansın təmin edilməsidir...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi ölkənin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaratsa da, bu prosesin iqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Müşavirədə Prezident İlham Əliyevin Qərb Sənaye Parkında və digər dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və bütün ekoloji normaların gözlənilməsi barədə tapşırıqları bu yanaşmanın əsas istiqamətini müəyyən edir.

“Dağ-mədən fəaliyyəti torpaq ehtiyatları, su resursları, landşaft və biomüxtəlifliklə birbaşa əlaqəli olduğundan, layihələrin qiymətləndirilməsində yalnız hasilat və maliyyə göstəriciləri ilə kifayətlənmək məqsədəuyğun deyil. İstehsal prosesində su və enerji sərfiyyatı, tullantıların idarə olunması, pozulmuş torpaqların bərpası, emissiyalar və ətraf ekosistemlərə təsir kimi amillərin də ölçüləbilən göstəricilər əsasında izlənilməsi ekoloji risklərin vaxtında müəyyən edilməsinə imkan verə bilər. Bu yanaşma işğaldan azad edilmiş ərazilər baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müşavirədə bildirdiyi kimi, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib. Eyni zamanda, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması nəzərdə tutulur. Bu baxımdan həmin ərazilərdə sənaye fəaliyyətinin genişləndirilməsi ekoloji bərpa prosesləri ilə paralel aparılmalı, yeni istehsal gücləri keçmiş ekoloji zərərlərin üzərinə əlavə yük yaratmamalıdır”, - Əbdülrəhim Dadaşov bildirib.

O əlavə edib ki, proqramın iqtisadi miqyası ekoloji idarəetmənin də eyni səviyyədə gücləndirilməsini zəruri edir. 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi və 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın həyata keçirilməsi nəzərdə tutulur. Belə geniş investisiya və istehsal miqyası fonunda ekoloji ekspertiza, monitorinq və bərpa mexanizmlərinin layihələrin ayrılmaz hissəsinə çevrilməsi uzunmüddətli dayanıqlılıq baxımından mühüm şərtdir.

“Dağ-mədən sənayesinin inkişafında əsas məsələ təbii ehtiyatların iqtisadi dəyərə çevrilməsi ilə təbii kapitalın qorunması arasında balansın təmin edilməsidir. Müasir texnologiyaların, yüksək ekoloji standartların və davamlı monitorinq mexanizmlərinin tətbiqi nəticəsində yeni sənaye güclərinin yaradılması keyfiyyətli ekoloji mühitin qorunması ilə uzlaşdırıla bilər”, - Əbdülrəhim Dadaşov qeyd edərək yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar