Keyfiyyətli detektiv filmlərində maraq yalnız sonda cinayətkarın kim olduğunun açıqlanması ilə bitmir. İzləyici ipuclarını izlədikcə, şübhəli detalları yadda saxladıqca və personajlardan hansının nəyisə gizlətdiyini anlamağa çalışdıqca film daha da maraqlı hala gəlir.
Lent.az xarici mediaya istinadla 2025-ci ildə ekranlara çıxan və tamaşaçıya cinayətkarı özü tapmağa imkan verən 5 detektiv filmi təqdim edir.
“Black Bag”
Britaniyalı kəşfiyyatçı məxfi məlumatların sızdırılması ehtimalı barədə məlumat alır. Şübhəlilər arasında onun xüsusi xidmət orqanlarında çalışan həyat yoldaşı da var. Corc məlumatı kimin ötürdüyünü müəyyən etməyə çalışır, lakin tezliklə anlayır ki, peşəkar kəşfiyyatçılar hətta ən yaxın insanlarına belə bütün həqiqəti demirlər.
“Case 137”
Parisdə keçirilən etirazlar zamanı yeniyetmə ağır yaralanır və hadisə ilə bağlı araşdırma başlayır. Daxili araşdırmalar şöbəsinin əməkdaşı Stefani şahid ifadələri, videoyazılar və digər materiallar əsasında baş verənləri bərpa etməyə çalışır. Lakin ifadələr bir-birinə uyğun gəlmir, eyni faktlar isə müxtəlif insanlar tərəfindən fərqli şəkildə izah olunur.
“The Thursday Murder Club”
Qocalar evində yaşayan bir neçə yaşlı insan mütəmadi olaraq bir araya gəlib keçmişdə açılmamış qətl hadisələrini müzakirə edir. Ancaq onların yaxınlığında real cinayət baş verəndə həvəskar detektivlər bacarıqlarını təcrübədə sınamaq imkanı əldə edirlər.
“Wake Up Dead Man: A Knives Out Mystery”
Kiçik bir kilsədə keşiş müəmmalı şəkildə öldürülür. İstintaqa məşhur detektiv Benua Blan qoşulur. Hadisədən bir müddət əvvəl öldürülən şəxslə ciddi mübahisə edən gənc keşiş Cad da əsas şübhəlilərdən birinə çevrilir. Lakin ilk baxışdan ən məntiqli görünən versiya qısa müddətdə şübhə altına düşür.
“Red Silk”
Hadisələr 1927-ci ildə, Moskvadan Çinə doğru hərəkət edən qatarda baş verir. Qatar xüsusi əhəmiyyətli rəsmi yük daşıyır və səfər zamanı burada qətl törədilir. Araşdırmaya müxtəlif tərəflərin nümayəndələri qoşulur. Tezliklə məlum olur ki, məsələ təkcə bir qətllə məhdudlaşmır. Film şübhəli personajlar, gizli motivlər və gözlənilməz süjet dönüşləri ilə diqqət çəkir.