Yaponiyada məhkəmə on ildən çox müddət ərzində öldürdüyü həyat yoldaşının qalıqlarını icarəyə götürdüyü anbarda gizlədən kişiyə hökm oxuyub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 51 yaşlı Hitoşi Hoya məhkəmə qarşısına çıxarılıb. Araşdırmaya səbəb 2025-ci ilin aprel ayında Saitama prefekturasının Yoşikava şəhərindəki tapıntı olub. Anbar kompleksinin işçiləri saxlanılan əmlaka görə uzun müddət ödəniş edilmədiyi üçün boksların birini açmağa qərar veriblər. İcarəçi uzun müddətdir saxlama haqqını ödəməyib.
Anbarın içərisində metal çəllək olub. Onu açanda əməkdaşlar insan qalıqları aşkar ediblər. Tapıntı barədə polisə məlumat verilib və bundan sonra araşdırma başlanıb.
Müstəntiqlər müəyyən ediblər ki, cinayət 2011-ci ilin yayında baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hoya həmin ilin iyul ayında həyat yoldaşının başına dəmir linglə zərbə endirib. Qadın aldığı zərbədən ölüb.
Bundan sonra kişi cəsədi çəlləyə yerləşdirib. Bir neçə ay sonra, 2011-ci ilin sentyabrında isə o, anbar boksu icarəyə götürərək qalıqlar olan çəlləyi orada saxlayıb.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ailədə daim münaqişələrin baş verdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşı onu tez-tez təhqir edir, bəzən fiziki zorakılıq da tətbiq edirmiş və özü də qəzəbini idarə etməkdə çətinlik çəkirmiş. Təqsirləndirilən şəxs məhkəməyə deyib ki, nəhayət buna “son qoymağa qərar verib”.
Məhkəmə Hitoşi Hoyanı qəsdən adam öldürməkdə təqsirli bilib. Mart ayında ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
