“Bosniya qəssabı”  85 yaşında həbsdə öldü
27 avqust 2026 17:25 (UTC +04:00)

“Bosniya qəssabı” 85 yaşında həbsdə öldü

1

Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiç 84 yaşında Haaqadakı BMT həbsxanasında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun ölümü BMT rəsmisi tərəfindən də təsdiqlənib. 

“Bosniya qəssabı” ləqəbli Mladiç 2017-ci ildən keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının çıxardığı hökm əsasında ömürlük həbs cəzası çəkirdi.

Mayın ortalarında Haaqadakı Beynəlxalq Cinayət Tribunalları üçün Qalıq Mexanizminin sədri, hakim Qrasiela Qatti Santana ağır xəstə olan Mladiçin ailəsi və vəkillərinin onun azadlığa buraxılması ilə bağlı müraciətini rədd etmişdi. Generalın oğlu Darko Mladiç aprelin 19-da atasının səhhətinin pisləşdiyini açıqlamışdı.

Ratko Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada gedən müharibə zamanı Bosniya Serb Respublikasının ordusuna komandanlıq edib.

2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı onu 11 ittiham bəndindən 10-u üzrə təqsirli bilib. Bunların arasında 1995-ci ildə Srebrenitsada 8 mindən çox bosniyalı müsəlman kişi və oğlanın öldürülməsi ilə bağlı soyqırımı, eləcə də Bosniya müharibəsi zamanı digər müharibə cinayətləri yer alıb. Məhkəmə Mladiçi ömürlük azadlıqdan məhrum edib. 2021-ci ildə apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb. 

Bu ilin mayında məhkəmə Mladiçin müalicə məqsədilə Serbiyaya müvəqqəti buraxılması ilə bağlı müdafiə tərəfinin müraciətini də təmin etməyib.

Ratko Mladiç uzun illər beynəlxalq axtarışda olduqdan sonra 2011-ci ildə Serbiya hakimiyyəti tərəfindən saxlanılmışdı. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı isə 2017-ci ilin dekabrında fəaliyyətini başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 176

Oxşar yazılar