Britaniya bankında yenilik: İdarə heyətinə süni intellekt  qoşuldu
13 aprel 2026 05:50 (UTC +04:00)

Britaniya bankında yenilik: İdarə heyətinə süni intellekt qoşuldu

0

Böyük Britaniyanın aparıcı banklarından biri olan "Lloyds Banking Group" idarə heyəti səviyyəsində xüsusi süni intellekt köməkçisindən ("board bot") istifadə etməyə başlayıb.

Lent.az bu barədə "The Times" qəzetinə istinadən xəbər verir.

Botun funksionallığını təsvir etmək üçün nəşr "All singing, all dancing" ("hamı oxuyur, hamı rəqs edir") ifadəsindən istifadə edib. Bu ifadə çoxsaylı və təsirli xüsusiyyətlərə malik olan bir şeyi ifadə edir və 1929-cu ildə çəkilmiş "The Broadway Melody" musiqili filminin reklam posterindən yaranıb.

Bildirilir ki, bot xüsusi olaraq top-menecmentin ehtiyaclarına uyğun şəkildə hazırlanıb. O, idarə heyətinin iclaslarında qərar qəbul edərkən "insani qərəzi" azaltmaq, kibertəhlükəsizlik məsələləri üzrə məsləhətlər vermək və məxfi məlumatların təhlilini aparmaq üçün istifadə olunacaq.

Süni intellekt köməkçisi "Board Intelligence" şirkəti tərəfindən hazırlanıb. Şirkətin rəhbəri Pippa Begg bildirib ki, "ChatGPT" və "Google Gemini" kimi çat-botlar artıq geniş istifadə olunsa da, bir çox təşkilatlar onlara yüksək məxfi məlumatları etibar etmək istəmir. "Board Intelligence"in botu isə məlumatlarla təhlükəsiz işləyir və onlara kənardan çıxışı məhdudlaşdırır.

Hazırda "Lloyds Banking Group" bu botdan əsasən rəhbər heyətin iclaslara hazırlığı üçün istifadə edir. Bununla belə, süni intellektə iclas zamanı faktiki "səs hüququ"nun verilməsi, yəni rəhbərin daim ona müraciət etməsi, notbuka baxaraq qərar verməsi "təhlükəli addım" ola bilər.

"The Times" yazır ki, "Lloyds Banking Group" özünü Böyük Britaniyanın ən böyük fintex şirkəti kimi təqdim etməyə çalışır. Şirkətin qiymətləndirməsinə görə, generativ süni intellekt alətləri təkcə 2025-ci ildə ona 50 milyon funt sterlinq dəyərində fayda gətirib. 2026-cı ildə bu rəqəmin iki dəfə artırılması planlaşdırılır.

Qeyd edək ki, "Lloyds Banking Group" Böyük Britaniyada pərakəndə və kommersiya müştərilərinə maliyyə xidmətləri göstərən ən böyük qurumlardan biridir və 26 milyon müştəriyə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar