Ən çox jurnalist 2025-ci ildə ölüb - QORXUNC STATİSTİKA
26 fevral 2026 13:34 (UTC +04:00)

Ən çox jurnalist 2025-ci ildə ölüb - QORXUNC STATİSTİKA

0

Jurnalistlərin Müdafiəsi Komitəsi (KZJ) qorxunc statistika yayıb. Statistikaya əsasən, 2025-ci il 1992-ci ildən etibarən aparılan müşahidələr tarixində media işçiləri üçün ən dəhşətli il olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, beynəlxalq qeyri-hökumət təşkilatının hesabatına görə, ötən il dünyada 129 jurnalist həlak olub. Bu da əvvəlki onilliklərin ən qaynar münaqişə dövrlərinin göstəricilərini belə üstələyir.

Bu qədər yüksək ölüm hallarının əsas səbəbi hərbi əməliyyatlar olub. Həlak olan 129 media əməkdaşından 104 nəfər silahlı münaqişələrin qurbanı olub. Faciələrin böyük əksəriyyəti Fələstin-İsrail qarşıdurması zonasında baş verib: KZJ 86 jurnalistin ölümü ilə bağlı məsuliyyəti birbaşa İsrail Müdafiə Ordusunun üzərinə qoyur. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə eyni münaqişənin kəskinləşməsi zamanı 85 fələstinli jurnalist həlak olub və bu rəqəm artıq o zaman şok doğurub.

Komitənin ekspertləri yeni ölümcül amilin — pilotsuz uçuş aparatlarının meydana çıxmasına da diqqət çəkirlər. Əgər 2023-cü ildə dron zərbələri nəticəsində jurnalistlərin ölümü ilə bağlı cəmi iki hal qeydə alınmışdısa, 2025-ci ildə bu cür faciələrin sayı artıq ən azı 39-a çatıb. Bu tendensiya müasir müharibələrin ümumi təkamülünü əks etdirir: burada PUA-lar əsas zərbə vasitəsinə çevrilir və çox vaxt döyüşçülərlə mülki şəxslər, o cümlədən peşə borcunu yerinə yetirən media nümayəndələri arasında fərq qoymur.

KZJ-nin statistikası jurnalistlər arasında ölüm hallarının ardıcıl olaraq ikinci ildir artdığını göstərir. 2024-cü ildə komitə 124 media əməkdaşının həlak olduğunu qeydə almışdı ki, bu da özlüyündə olduqca yüksək göstərici idi. Lakin 2025-ci il bu mənfi rekordu da geridə qoyub.

Hesabatdan göründüyü kimi, cəmiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirən media əməkdaşları getdikcə daha tez-tez sadəcə atışma zamanı təsadüfi qurbanlara çevrilmir. Ya qəsdən, ya da kobud səhlənkarlıq nəticəsində münaqişə tərəflərinin hədəfinə çevrilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar