İran Amerika ilə niyə razılaşa bilmir? – CASUS DAMĞASI
01 aprel 2026 11:49 (UTC +04:00)

İran Amerika ilə niyə razılaşa bilmir? – CASUS DAMĞASI

0

İranda ABŞ ilə danışıqların tərəfdarı olan mülayim siyasətçilər “xəyanətkar” damğası ilə üzləşə və hətta aradan götürülə bilər.

Lent.az xəbər verir ki, dünya mediasında verilən məlumatlara görə, ölkə daxilində hakimiyyət strukturlarında dərin parçalanma bu prosesi daha da çətinləşdirir.

Amerika-İran Şurasının rəhbəri Huşəng Əmirəhmədi qeyd edib ki, Vaşinqtonla əlaqələrin normallaşdırılmasını istəyən qüvvələr hazırkı şəraitdə ciddi təhlükə altındadır.

Haşiyə

Amerika-İran Şurası - (American Iranian Council) ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. 1997-ci ildə yaradılıb, təsisçisi, Huşəng Əmirəhmədi, şuranın yaranmasında məqsəd: ABŞ və İran arasında münasibətlərin yaxşılaşdırılması, dialoqun təşviqidir.

Əmirəhmədinin sözlərinə görə, əgər danışıqların tərəfdarı olan mülayim siyasətçilər atəşkəs və ya danışıqlara doğru addım atsalar, “xəyanətkar” kimi qiymətləndiriləcək və böyük ehtimalla aradan götürüləcəklər. Bu açıqlamalar ABŞ-ın İran daxilində yeni hakimiyyət elementləri ilə əlaqə qurmağa çalışdığı bir vaxta təsadüf edir. ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton “daha məntiqli” yeni İran rəhbərliyi ilə ciddi danışıqlar aparır. Dövlət katibi Marko Rubio isə konkret şəxslərin kim olduğunu açıqlamasa da, İran daxilində “parçalanmaların” mövcud olduğunu təsdiqləyib.

Məlumatlara görə, İranda hər kəs danışıqlara eyni yanaşmır. ABŞ ilə dialoqu dəstəkləyən mülayim qüvvələr ölkə daxilində “casus” və “xəyanətkarlar” kimi qəbul edilir. Bu isə onları siyasi və fiziki təhlükə ilə üz-üzə qoyur.

Əmirəhmədi bildirib ki, İran hakimiyyətində köhnə sistemin qalıqları hələ də mövcuddur və bu qruplar əsasən danışıqlara daha açıqdır. Lakin yeni formalaşan hakimiyyət daha sərt mövqeli qüvvələrdən ibarətdir və mülayim diplomatları təhlükə kimi görür.

Onun sözlərinə görə, İranda uzun müddətdir radikal qüvvələr ilə islahatçı-mülayim qanad arasında ciddi qarşıdurma mövcuddur. Bu qarşıdurma hazırda daha açıq şəkildə üzə çıxıb.

Ekspertlər vurğulayır ki, İslam Respublikasında siyasi qətllər yeni hal deyil və bu cür hallar tarix boyu baş verib. Bu isə danışıqları dəstəkləyən şəxslər üçün riskləri daha da artırır.

ABŞ müdafiə naziri Pit Heqset də açıqlamasında bildirib ki, Vaşinqton münaqişəni bitirmək üçün razılaşma əldə etməkdə qərarlıdır. Onun sözlərinə görə, Tramp razılaşma əldə etməyə hazırdır və şərtlər artıq İrana məlumdur. Bununla belə, reallıqda vəziyyət fərqlidir. Əmirəhmədi qeyd edir ki, hazırda müharibə və qərarvermə prosesinə əsas nəzarət radikal hərbi dairələrin əlindədir. Bu isə siyasi qərarların daha sərt istiqamətdə formalaşmasına səbəb olur.

İranda hakimiyyət strukturu getdikcə daha çox İnqilab Keşikçiləri Korpusu (SEPAH) ətrafında cəmləşir. Əhməd Vahidi və Qüds qüvvələrinin rəhbəri İsmayıl Qaani kimi hərbi fiqurlar, eləcə də Məhəmməd Baqir Qalibaf və Məhəmməd Hüseyn Möhseni-Ejei kimi siyasi şəxslər bu sistemdə əsas rol oynayır. Ali lider Ayətullah Əli Xameneinin ölümündən və onun oğlu Müctəbanın hakimiyyətə gəlməsindən sonra bu tendensiya daha da güclənib. Yeni hakimiyyət daha radikal xətt üzrə formalaşır və danışıqlara əvvəlki dövrlə müqayisədə daha ehtiyatla yanaşır.

Prezident Məsud Pezeşkianın təsir imkanlarının azaldığı bildirilir. Bununla yanaşı, Səid Cəlili, Ayətullah Əlirza Arafi və xarici işlər naziri Abbas Əraqçi kimi fiqurlar ölkənin təhlükəsizlik siyasətində rol oynamaqda davam edir.

Ekspertlərin fikrincə, bu parçalanmış və ziddiyyətli hakimiyyət strukturu İranın ABŞ ilə razılaşma əldə etməsini çətinləşdirən əsas amillərdən biridir. Çünki bir tərəfdə danışıqlara açıq qüvvələr olsa da, digər tərəfdə qərarları müəyyən edən daha radikal və sərt mövqeli qruplar dayanır.

Bütün bu analizlərə əsasə  deyə bilərik ki, İran daxilindəki bu hakimiyyət mübarizəsi və ideoloji fərqlər ABŞ ilə mümkün razılaşmaların qarşısında əsas maneə kimi çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar