Çində keçmiş yüksəkvəzifəli dövlət məmuru korrupsiyaya görə ölüm cəzasına məhkum edilib.
Lent.az xəbər verir ki, oktyabrın 27-də Çinin Sıçuan əyalətinin birinci instansiya məhkəməsi Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının partiya komitəsinin keçmiş üzvü, Mərkəzi İntizam Nəzarəti Komissiyası və Milli Nəzarət Komissiyasının həmin qurumdakı intizam nəzarəti və yoxlama qrupunun sabiq rəhbəri Van Hueymin barəsində hökm çıxarıb.
“Sinxua” agentliyinin məlumatına görə, məhkəmə müəyyən edib ki, Van Hueymin 1998–2025-ci illər ərzində Sincan-Uyğur Muxtar Rayonunda müxtəlif yüksək vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə edib.
O, şirkətlərə və ayrı-ayrı şəxslərə biznes fəaliyyəti, eləcə də maliyyə vəsaitlərinin cəlb edilməsi məsələlərində kömək göstərib. Bunun müqabilində ümumilikdə 436 milyon yuandan çox (təxminən 111 milyon 136 min manat) rüşvət alıb.
Məhkəmə rüşvətin məbləğini xüsusilə böyük hesab edərək, təqsirləndirilən şəxsin əməllərinin dövlətin və xalqın maraqlarına son dərəcə ciddi ziyan vurduğunu bildirib. Bu səbəbdən onun ölüm cəzasına məhkum edilməsi qərara alınıb.
Lakin Van Hueymin saxlanıldıqdan sonra günahını etiraf etdiyi, istintaqla əməkdaşlıq etdiyi və əməlindən peşman olduğunu bildirdiyi üçün ölüm hökmünün icrası iki il müddətinə təxirə salınıb.
Qərara əsasən, ikiillik möhlət müddəti başa çatdıqdan sonra ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq. Van Hueyminin cəzasının yüngülləşdirilməsinə və ya vaxtından əvvəl şərti azadlığa buraxılmasına icazə verilməyəcək.
