Van Qoqun məşhur tablosunun  137 illik sirri   – Alimlər gözlənilməz fakt aşkarladılar
29 oktyabr 2026 12:22 (UTC +04:00)

Van Qoqun məşhur tablosunun 137 illik sirri – Alimlər gözlənilməz fakt aşkarladılar

0

Dahi rəssam Vinsent van Qoqun dünyaca məşhur “Ulduzlu gecə” əsərində təsvir olunan səmanın konkret tarixə aid ola biləcəyi müəyyənləşdirilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar məşhur rəsm əsərindəki səma cisimlərinin yerləşməsini XIX əsrə aid astronomik məlumatlarla müqayisə edərək maraqlı nəticəyə gəliblər.

Araşdırma sənət tarixində qəbul olunmuş bəzi fikirləri də şübhə altına alıb. Belə ki, sənətşünaslar uzun müddət “Ulduzlu gecə” əsərinin 1889-cu ilin iyununda çəkildiyini hesab ediblər. Yeni tədqiqat isə tablonun iyul ayında tamamlanmış ola biləcəyini göstərir.

Yeni araşdırmaya Cənubi Koreyanın robotlaşdırılmış teleskoplar hazırlayan SLLAB şirkətinin rəhbəri və Kyonhi Universitetinin Kosmik Tədqiqatlar Məktəbinin doktorantı Elayca Conqhyun Kim başçılıq edib.

Alimlər yalnız rəsmdəki vizual oxşarlıqlarla kifayətlənməyiblər. Onlar astronomik hesablamaları Van Qoqun məktubları, 1889-cu ilin yayında yaşadığı hadisələr, eləcə də meteoroloji və ekoloji məlumatlarla müqayisə ediblər.

Tədqiqatçılar əvvəlcə Van Qoqun səmanı müşahidə edə biləcəyi mövqeyi nəzərə alaraq Sen-Remi-de-Provans üzərindəki səma cisimlərinin tarixi yerləşməsini bərpa ediblər. Daha sonra tablodakı ulduzların düzülüşü astronomik xəritələrlə müqayisə olunub. Bunun üçün Prokrust təhlili adlanan riyazi metoddan istifadə edilib. Bu üsul iki nöqtələr qrupunu ölçü, istiqamət və yerləşmə fərqlərini nəzərə almaqla müqayisə etməyə imkan verir. Beləliklə, alimlər rəssamın ulduzların ölçüsünü böyütmüş və ya onların istiqamətini dəyişdirmiş ola biləcəyini də nəzərə alıblar.

Araşdırma nəticəsində ən uyğun səma mənzərəsinin Hiadlar ulduz topası ilə əlaqəli olduğu müəyyən edilib. Bu ulduz topasının, Veneranın və azalan Aypara formasındakı Ayın mövqelərinin müqayisəsi alimləri 1889-cu il iyulun 22-si tarixinə yönəldib. Tədqiqatçıların fikrincə, Van Qoq həmin gün günəş doğmazdan əvvəl müşahidə etdiyi səmanı əsərində əks etdirmiş ola bilər.

Araşdırma zamanı Van Qoqun şəxsi məktubları da diqqətlə öyrənilib. Məlum olub ki, rəssam hələ 1888-ci il aprelin 12-də yazdığı məktubda ulduzlu səmanı təsvir etmək arzusundan bəhs edib. O, gecə səmasını gündüz yaşıl çəmənliyi və zəncirotu çiçəklərini çəkdiyi kimi təsvir etmək istədiyini bildirib. 1889-cu ilin may ayının sonu və iyunun əvvəlinə aid başqa məktubunda isə Van Qoq günəş doğmazdan əvvəl pəncərədən kənd mənzərəsini uzun müddət izlədiyini qeyd edib. Rəssam xüsusilə böyük və parlaq görünən “səhər ulduzu”ndan danışıb. Tədqiqatçıların fikrincə, onun nəzərdə tutduğu səma cismi böyük ehtimalla Venera olub.

Yeni araşdırmanın müəllifləri hesab edirlər ki, Van Qoq məşhur əsərini iyun ayında çəkməyə başlayıb, lakin iyulun 22-dən sonra tamamlamış ola bilər. Bu ehtimal rəssamın məktubları ilə astronomik hesablamalar arasında müəyyən uyğunluq yaradır. Bununla belə, alimlər “Ulduzlu gecə”nin real səmanın tam dəqiq təsviri olduğunu iddia etmirlər.

Araşdırma müəllifləri vurğulayıblar ki, tablonun dəqiq çəkilmə tarixini müəyyənləşdirmək üçün əlavə sənətşünaslıq və materialşünaslıq tədqiqatlarına ehtiyac var.

Qeyd edək ki, tədqiqatın nəticələri 2026-cı il oktyabrın 22-də “Scientific Reports” elmi jurnalında dərc olunub.

Alimlərin əsas qənaətinə görə, dünya rəssamlıq tarixinin ən məşhur əsərlərindən birində təsvir olunan səma mənzərəsinin real astronomik hadisəyə əsaslanması ehtimalı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar