Prezident sarayına raket hücumunda 5 nəfər öldü
16 oktyabr 2026 11:30 (UTC +04:00)

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

0

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib.

Məlumata görə, hədəfə alınan “Əl-Məaşik” sarayı Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin iqamətgahıdır. Bu, husilərlə Səudiyyə Ərəbistanı arasında davam edən hazırkı qarşıdurma zamanı saraya edilən ilk hücumdur.

Yəmənin informasiya naziri Muəmmər əl-İryani bildirib ki, hücum zamanı ölkənin Baş naziri Şaya əl-Zindani və hökumət üzvləri xəsarət almayıblar.

Şahidlər sarayın yaxınlığında güclü partlayış səslərinin eşidildiyini bildiriblər. Yəmən Nazirlər Kabinetinin məlumatına görə, hücum zamanı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Ölkənin səhiyyə naziri Qasım Buheybe hücum nəticəsində 5 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Ölən və yaralananlar arasında sarayın mühafizəçiləri və mülki əməkdaşlar da var.

Husilərin hərbi sözçüsü Yəhya Səri hücuma görə məsuliyyəti üzərinə götürüb. O bildirib ki, Ədəndə Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarını idarə edən qərargah bombalanıb.

Husilərin nümayəndəsi hücumların Səudiyyə Ərəbistanının hərbi qüvvələrinə qarşı həyata keçirilən əməliyyatların bir hissəsi olduğunu vurğulayıb.

Məlumata görə, Yəmən hökumətindəki mənbələrdən biri hücum nəticəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın komanda mərkəzinin məhv edildiyini bildirib.

Mənbənin sözlərinə görə, komanda mərkəzinə üç, prezident kompleksində yerləşən koalisiya qüvvələrinin qərargahına isə iki raket atılıb. Hücum zamanı həm yəmənlilər, həm də səudiyyəlilər arasında itkilərin olduğu iddia edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar