Hindistanda bir qadın klinikaya qəbul edilmədiyi üçün yolun kənarında uşaq dünyaya gətirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Uttar Pradeş ştatında baş verib. Ailə doğuş üçün qadını Rudauli şəhərindəki xəstəxanaya gətirib. Növbətçi ginekoloq xəstəni müayinə edib və qadının qan azlığından şübhələndiyini əsas gətirərək onu rayon xəstəxanasına göndərib. Lakin hamilə qadının diaqnozu təsdiq edəcək heç bir analizi olmayıb.
Xəstə 40 km aralıda yerləşən ikinci tibb müəssisəsinə çata bilməyib. Yolun yarısında sancılar güclənib. Yaxınları onu bayıra çıxararaq, ağacın altına qoyub, bir neçə dəqiqədən sonra körpə orada dünyaya gəlib. Doğuşda ona ailəsi və ən yaxın kənddən olan qadınlar kömək edib. Uşaq və ananın vəziyyəti yaxşıdır.
Polis hadisənin başvermə şəraitini araşdırır. Xəstəni xəstəxanaya yerləşdirməkdən imtina edən ginekoloq səhlənkarlıqda şübhəli bilinir.