Dünyanın ən zəngin hökmdarlarından biri olan Bruney sultanı Həsənəl Bolkiah gəlini Raabiatul Adaviyyahın bütün kral titullarını əlindən alıb.

Lent.azın xarici mediaya istinadən məlumatına görə, qərar Böyük Saray Nazirliyi tərəfindən yayımlanan kral fərmanı ilə rəsmiləşdirilib.
Fərmanda keçmiş şahzadənin kral ailəsinə yaraşmayan davranışlara yol verdiyi bildirilib. Onun hərəkətlərinin ailənin adına ləkə gətirdiyi və sultana qarşı hörmətsizlik olduğu qeyd edilib. Lakin “uyğunsuz” və “biabırçı” kimi qiymətləndirilən həmin davranışların konkret nədən ibarət olduğu açıqlanmayıb.

Raabiatul Adaviyyah Bruney taxtına varislik sıralamasında dördüncü yerdə olan şahzadə Əbdül Maliklə 11 ildir evlidir. Cütlüyün toyu 2015-ci ildə aprelin 5-dən 16-dək davam edən dəbdəbəli mərasimlə keçirilib.

Fərmandan sonra Raabiatul Adaviyyahın bütün kral titulları ləğv edilsə də, qərar cütlüyün dörd övladına şamil olunmayıb. Uşaqlar kral ailəsindəki mövqelərini və titullarını qoruyacaqlar.

1967-ci ildən Bruneyə rəhbərlik edən Həsənəl Bolkiah dünyanın ən uzun müddət taxtda qalan hökmdarlarından biridir. Üç dəfə evlənən sultanın beş oğlu və yeddi qızı var. Onun sərvətinin 30 milyard dollardan çox olduğu bildirilir.

