Qlobal fəlakət zamanı yaşamaq üçün ən təhlükəsiz ölkə
29 avqust 2026 17:25 (UTC +04:00)

Qlobal fəlakət zamanı yaşamaq üçün ən təhlükəsiz ölkə

0

Alimlər müxtəlif qlobal təhlükələri müqayisə edərək, böyük fəlakətdən sonra gündəlik həyatını və əsas sistemlərini qoruyub saxlamaq baxımından hansı ölkənin daha üstün mövqedə olduğunu müəyyənləşdiriblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma Almaniyanın Hagen Universitetindən ekoloq Florian Ulrix Yenin rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb.

Tədqiqatçılar qlobal fəlakət riskləri və dövlətlərin bu cür hadisələrin nəticələrinə qarşı dayanıqlılığı ilə bağlı yüzlərlə elmi məqalə və hesabatı təhlil ediblər. Araşdırmada iri asteroidin Yerə düşməsi, güclü vulkan püskürmələri, pandemiyalar, genişmiqyaslı kiberhücumlar, geomaqnit fırtınaları və bir neçə regionda eyni vaxtda normal həyatı poza biləcək digər hadisələr nəzərdən keçirilib.

Alimlər əsas təhlükələri üç qrupa ayırıblar. Birinci qrupa Yer səthinə çatan günəş işığının kəskin azalmasına səbəb ola biləcək fəlakətlər daxil edilib. Belə vəziyyət güclü vulkan püskürməsi, nüvə müharibəsi və ya böyük asteroidin Yerə çırpılması nəticəsində yarana bilər. İkinci qrupa kritik infrastrukturun iflic olması ilə nəticələnə biləcək hadisələr daxil edilib. Bunlara kiberhücumlar, güclü geomaqnit fırtınaları, pandemiyalar və digər böyük böhranlar nəticəsində elektrik enerjisi, nəqliyyat və ərzaq istehsalında uzunmüddətli fasilələr daxildir. Üçüncü qrup isə həm təbii, həm də insan fəaliyyəti nəticəsində baş verə biləcək qlobal bioloji təhlükələri əhatə edib.

Tədqiqatçılar yalnız konkret təhlükənin başvermə ehtimalını deyil, həm də ölkələrin fəlakətdən sonra əhalini ərzaq, enerji və digər həyati resurslarla təmin etmək imkanlarını qiymətləndiriblər.

Bütün göstəricilərin ümumi qiymətləndirilməsinə əsasən, ən dayanıqlı ölkə Avstraliya olub. Ölkənin əsas üstünlükləri sırasında coğrafi təcrid, böyük həcmdə daxili ərzaq istehsalı imkanları, fosil yanacaq ehtiyatları və inkişaf etmiş sənaye bazası göstərilib. Bununla yanaşı, alimlər Avstraliyanın tam təhlükəsiz sığınacaq kimi qəbul edilməməli olduğunu vurğulayıblar.

Ölkə bəzi qlobal təhlükələr qarşısında yenə də həssas olaraq qalır. Avstraliya dərman preparatları, yanacaq və gübrə kimi bir sıra vacib məhsullar üzrə beynəlxalq tədarükdən asılıdır. Alimlərin fikrincə, Yer kürəsində bütün mümkün qlobal fəlakətlərdən tam qorunan ölkə yoxdur. Bununla belə, Avstraliya mövcud şərtlər daxilində ən üstün mövqeyə malik ölkələrdən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar