Meksikada 2026-cı il futbol üzrə Dünya Çempionatı oyunlarının keçirilməsi planlaşdırılan “Estadio Akron” stadionunun yaxınlığında insan qalıqları olan yüzlərlə paket aşkarlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu dəhşətli tapıntı ölkədə qeyri-qanuni dəfn şəbəkəsinin miqyasını göstərir. Axtarış dəstələrinin məlumatına əsasən, bədən hissələri olan paketlər Dünya Çempionatının rəsmi məkanlarından biri sayılan Xalisko ştatında, “Estadio Akron”un yaxınlığında tapılıb. Araşdırma bu tapıntıların stadiondan təxminən 16 kilometr radiusda yerləşən ən azı 22 gizli kütləvi məzarlıq yeri ilə əlaqəli olduğunu üzə çıxarıb.
İlk insan qalıqları hələ 2025-ci ilin fevralında torpaqdan çıxarılmağa başlayıb. Həmin vaxt Las-Aquxas bölgəsində yaşayış kompleksləri tikən fəhlələr içində insan bədəninin hissələri olan polietilen paketlərə rast gəliblər. O vaxtdan bəri itkin düşənlərin ailələri və könüllü axtarış təşkilatları çoxsaylı gizli məzarlıqlardan ən azı 500 paketin çıxarıldığını sənədləşdiriblər.
Axtarış qruplarından birinin nümayəndəsi Xayme Aqiların sözlərinə görə, ştatda insanların yoxa çıxması sistemli xarakter daşıyır və qurbanlar elə şəkildə “məhv edilir” ki, onların kimliyini müəyyən etmək yaxud bərpa etmək mümkün olmur.
Məlumata əsasən, Xalisko ştatı Meksikada itkin düşənlərin sayına görə dördüncü yerdədir. Təkcə 2025-ci ilin yanvar–noyabr ayları arasında burada 2483 belə hal qeydə alınıb.
Mütəxəssislər insanların yoxa çıxmasını və kütləvi məzarlıqların aşkar edilməsini narkokartellərin fəaliyyəti ilə əlaqələndirirlər. Xalisko ştatı Xalisko Karteli kimi tanınan, dünyanın ən amansız cinayət təşkilatlarından birinin əsas fəaliyyət bölgəsi hesab olunur. Hüquq müdafiəçilərinin məlumatına görə, bir çox qurbanlar oğurlana, “tələ vakansiyalar” vasitəsilə aldadılıb cəlb oluna, zorla təlim düşərgələrinə aparıla və ya öldürülə bilər.