Yeni il üçün yolka seçimi təkcə qiymət və görünüşlə məhdudlaşmır. Getdikcə daha çox insan bu seçimin ətraf mühitə hansı təsiri göstərdiyini də düşünür, canlı şam ağacı, yoxsa plastikdən hazırlanmış süni ağac? Mütəxəssislərin fikrincə, bu sualın birmənalı cavabı olmasa da, elmi yanaşma müəyyən üstünlükləri önə çıxarır.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Araşdırmalara görə, təbii Yeni il şam ağacları kəsilməsinə baxmayaraq, müəyyən ekoloji üstünlüklərə malikdir. Orta hesabla 1,8 metr hündürlüyə çatmaq üçün bu ağacların 10 ildən çox böyüməsi tələb olunur. Bu müddət ərzində onlar karbon qazını udur, heyvanlar üçün sığınacaq rolunu oynayır və torpağın formalaşmasına töhfə verir. Məlumata görə, ABŞda bir yolka kəsildikdən sonra yaz aylarında onun əvəzində bir-üç yeni ting əkilir. Meşələrə dayanıqlı qulluq həm ekosistemlərin qorunmasına, həm də bərpa olunan resursların əldə edilməsinə imkan yaradır.
Bununla yanaşı, canlı yolkalarla bağlı tənqidlər də var. Ekoloqlar qeyd edirlər ki, yolka plantasiyalarında pestisidlərdən intensiv istifadə olunur və bu, təbii ekosistemlərin sıxışdırılmasına səbəb ola bilər. Mütəxəssislər yerli təsərrüfatlardan şam ağacı almağı tövsiyə edirlər ki, daşınma zamanı yaranan emissiyalar azalsın. Bayramdan sonra isə ağacın düzgün şəkildə utilizasiyası vacib sayılır. Şam ağacı tullantı poliqonuna düşərsə, parçalanma zamanı güclü istixana qazı olan metan buraxa bilər. Ən az zərərli üsul isə onun doğranaraq yonqar və ya malç kimi istifadəsidir.
Süni yolkalar isə fərqli yanaşmaya əsaslanır, onlar illərlə istifadə olunur. Lakin bu variantın da ciddi ekoloji mənfi tərəfləri mövcuddur. Süni yolkaların əksəriyyəti polivinilxloriddən hazırlanır ki, bu da emalı çətin olan və toksik birləşmələr yarada bilən plastik növlərindən biridir. Belə şam ağacları onilliklər boyu zibilliklərdə qalır. Hesablamalara əsasən, bir plastik yolkanın karbon izi təxminən 40 kiloqram istixana qazına bərabərdir ki, bu da canlı ağacla müqayisədə dəfələrlə çoxdur. Üstəlik, süni yolkaların təxminən 80 faizi Çində istehsal olunur və uzun məsafəli daşınma əlavə emissiyalara səbəb olur.
Mütəxəssislər ümumi nəticə olaraq bildirirlər ki, əgər evdə artıq süni şam ağacı varsa, ən düzgün seçim ondan mümkün qədər uzun müddət istifadə etməkdir. Lakin şam ağacı seçimi sıfırdan edilirsə, məsuliyyətli mənbədən alınan və bayramdan sonra düzgün utilizasiya olunan canlı şam ağacı adətən daha az ekoloji iz buraxır.