Bəzi uşaqların riyaziyyat məsələlərini həll etməkdə çətinlik çəkməsinin səbəbi beyindəki fəaliyyət fərqləri ilə əlaqəli ola bilər.
Lent.az xəbər verir ki, Stanford Universitetinin alimlərinin apardığı yeni araşdırma inkişaf diskalkuliyası kimi tanınan öyrənmə çətinliyinin uşaqların yalnız riyazi məsələləri həll etməsinə deyil, həm də uyğun həll strategiyasını seçməsinə mane olduğunu göstərib.
Araşdırmada 8-10 yaş arasında olan 68 uşağın məlumatları təhlil edilib. Nəticələr inkişaf diskalkuliyası olan uşaqlarla riyaziyyatda daha uğurlu olan uşaqların beyin sistemlərindəki fəaliyyətin əhəmiyyətli dərəcədə fərqləndiyini göstərib.
Alimlər müəyyən ediblər ki, beyindəki bu fəaliyyət fərqləri uşaqların sayma bacarıqlarına və müxtəlif həll üsulları arasında keçid sürətinə təsir edir. Öyrənmə çətinliyi yaşayan uşaqlar strategiyanı dəyişərkən daha çox vaxta ehtiyac duyur və məsələnin çətinlik səviyyəsindəki dəyişikliklərə daha az həssas olurlar.
Araşdırmaya görə, bu uşaqlar müxtəlif riyazi strategiyalardan yaşıdları ilə müqayisədə daha səmərəsiz istifadə edir və zaman keçdikcə belə ən uyğun yanaşmanı seçməkdə gözlənilən inkişafı göstərmirlər.
Tədqiqatçılar diqqət, düşünmə və yaddaşın idarə olunmasında davamlı çətinliklərin inkişaf diskalkuliyasının əsasını təşkil edə biləcəyini bildirirlər.
Araşdırmanın rəhbəri Oliver Lasnik isə diskalkuliyanın vahid səbəbdən qaynaqlanmadığını vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət bir neçə idrak və sinir prosesindəki funksional pozuntuların nəticəsi ola bilər.