Hacıqabulda bəndin dağılan yeri 70 metrə çatdı
24 may 2010 17:30 (UTC +04:00)

Hacıqabulda bəndin dağılan yeri 70 metrə çatdı

“Oradan hətta mal-heyvan da çıxarıldı”

Kür çayının Hacıqabul rayonu Birinci Meyniman kəndindən keçən dağılan bəndin bərpası istiqamətində işlər davam etdirilir. Bu barədə Lent.az-a açıqlamasında Hacıqabul rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məlumat verib. Onun sözlərinə görə, əgər mayın 23-ü axşam saatlarında bəndin dağılan yeri əvvəlcə 10-20, daha sonra 40 metr olubsa, hazırda bu rəqəm 70 metrə çatıb: “Orada dünəndən iş gedir. Ancaq hələ ki, bir nəticə yoxdur”.

Ə.Məmmədov bildirib ki, dünən Birinci Meyniman kəndində yaşayan 350 sakin oradan avtobuslarla çıxarılıb. Sonra isə kənddə insan qalmamasından əmin olmaq üçün ora baxış keçilib. Kənddə kimsənin qalmadığı dəqiqləşib: “Oradan hətta mal-heyvan da çıxarıldı”.

Birinci Meyniman kəndindən çıxarılan sakinlərin əksəriyyəti Hacıqabul rayonundakı qohumlarının evlərinə köçüb. Əhalinin yalnız kiçik bir qismi Şirvan şəhərində qurulmuş çadır düşərgəsinə getməyə razı olub.

Sel suları Birinci Meyniman kəndindəki 70 evdən başqa yerlərdə yalnız əkin sahələrinə ziyan vurub. Ə.Məmmədov deyib ki, qarşıdakı iki gündə bəndin bərpası mümkün olmasa, daha üç kəndin evləri də subasma təhlükəsilə üz-üzə qalacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar