“Ekstazi işi”ndə təqsirləndirilənlərə hökm oxunacaq
14 aprel 2009 11:30 (UTC +04:00)

“Ekstazi işi”ndə təqsirləndirilənlərə hökm oxunacaq

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Əli İsmayılov son söz deyib. O, məhkəmədən bəraət istəyib. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə yollanıb.

Aprelin 17-də təqsirləndirilən şəxslərə hökm oxuyacaq.

Qeyd edək ki, bir qədər əvvəl məhkəmə təqsirləndirilənlərdən biri Mahir Mirsalamlının xəstəliyi ilə əlaqədar barəsində başlanan cinayət işinin sağalanadək dayandırılması barədə qərar verib. Hazırda o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.

Xatırladaq ki, sözügedən 14 nəfərdən ibarət dəstə üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər 2008-ci ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan külli miqdarda narkotik vasitə olan “ekstazi” aşkarlanıb.
# 745

Oxşar yazılar