4 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA  - Sürücü sərxoş imiş
05 iyun 2025 15:34 (UTC +04:00)

4 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - Sürücü sərxoş imiş

İyunun 5-də gecə saat 3 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 28 yaşlı Vəliyev Ramal Bəxtiyar oğlu BMW markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 28 yaşlı Nəsirov Rafət Mahir oğlu, 21 yaşlı Nəbiyev Göyüş Fəxrəddin oğlu və 25 yaşlı Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar