"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
05 may 2026 13:50 (UTC +04:00)

"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Gülnar Müzəffərovanın ifadəsi ilə davam edib:

"2022-ci ilin dekabrında qonşum Səxavət mənə əxlaqsız davranış nümayiş etdirdi. Bu barədə Elşənə xəbər verdim. Səxavət Elşənə sənin ailəndən xəbərin yoxdur demişdi. Hasarımız aşağı olduğundan həyətlərimiz görünürdü. Elşənə çox dedim ki, hasarı təmir edib hündür eləsin. Mən Səxavətin qorxusundan bir gözü açıq yatırdım həmişə. Səxavət mənə əlində videolarımın olduğunu deyirdi. Mənim atamgillə Səxavət hasar qonşusu olduqlarından elə güman edirəm ki, o, məni pəncərələrindən gizlicə çəkibmiş, bu barədə sonralar xəbərim oldu.

Hadisə günü gecə saat 12-də hamı yatmışdı. Qəfil gələn tappıltı səsinə diksinib oyandım. Evin çöl qapısının qıfılı xarab idi deyə tam örtülmürdü. Yarım saat sonra boğuşma, süpürləşmə səsi eşidib tez qonşuluqda yaşayan atamgilə qaçdım. Qasım məni görüb nə baş verdiyini soruşdu, mən də ona dedim. Birlikdə evimizə qayıdanda Elşən Səxavəti öldürdüm dedi. Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı".

Növbəti proses 2 iyun saat 12:00-a təyin olunub.

Xatırladaq ki,hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar