"Zamanın reallıqlarına uyğun rəhbərlər lazımdır" - Qırğızıstan səfiri
05 may 2026 13:35 (UTC +04:00)

"Zamanın reallıqlarına uyğun rəhbərlər lazımdır" - Qırğızıstan səfiri

0

Lent.az Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanovun APA-ya müsahibəsini təqdim edir.

Qırğızıstanla Azərbaycanın bir çox platformada hədəf və məqsədləri üst-üstə düşür

— Son illərdə Azərbaycanla Qırğızıstan arasında iqtisadi və siyasi münasibətlər necə inkişaf edir?

— Azərbaycanla Qırğızıstan arasında siyasi münasibətlər ən yüksək səviyyədə dəstəklənir və bu əlaqələr gələcəkdə də ardıcıl inkişafa yönəlib. Prezidentlərimiz buna böyük əhəmiyyət verirlər. Qırğızıstan Prezidenti cənab Sadır Nurqojoyeviç Japarovun Azərbaycana tez-tez səfərləri bunu təsdiqləyir.

Strateji tərəfdaşlığımızın dərin kökləri və böyük perspektivləri var. Həm Qırğızıstan, həm də Azərbaycan əlaqələrin inkişafında maraqlıdır. Xüsusilə son yüksək səviyyəli təmaslar göstərir ki, bir çox platformada hədəf və məqsədlərimiz üst-üstə düşür. Bu addımlar yalnız inkişaf edəcək.



Bununla əlaqədar qeyd etməliyəm ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfərini gözləyirik. Prezident İlham Əliyevin Qırğızıstana cavab səfəri bizim üçün əlamətdar hadisədir. Səfərə hərtərəfli hazırlıq aparılır. Səfər çərçivəsində dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın iclasının keçirilməsi gözlənilir. Azərbaycan Prezidentinin səfərindən siyasi, iqtisadi və digər əlaqələrin daha da inkişafını gözləyirik.

Həmçinin Qırğızıstan ilə Azərbaycan arasında münasibətlərin inkişafından danışarkən xüsusi qeyd edilməlidir ki, Dövlətlərarası Şura çərçivəsində iki ölkənin hökumətləri arasında 2024–2029-cu illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb. Bu proqram çərçivəsində tərəflər müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı üçün planlı iş aparırlar. Proqramın strukturunda 14 mühüm istiqamət müəyyən edilib. Onlar iqtisadiyyat, sosial həyat, təhsil və tərəflər üçün aktual olan digər sahələri əhatə edir. Beləliklə, inkişafımız həm prezidentlər, həm də hökumətlər səviyyəsində sistemli və planlı xarakter daşıyır.

Qırğızıstanda istehsal olunan kovrolin Qarabağın bərpası və modernləşdirilməsinə dəstək çərçivəsində Azərbaycana göndərilən ixrac məhsuluna çevrilir

— Azərbaycan–Qırğız İnkişaf Fondunun bu ikitərəfli proqramların həyata keçirilməsində rolunu necə qiymətləndirirsiniz? Fond xətti ilə hansı layihələr maliyyələşdirilir?

— Azərbaycan–Qırğız İnkişaf Fondunu artıq dinamik inkişaf edən və ölkələrimiz arasında proqramların həyata keçirilməsini dəstəkləyən səmərəli maliyyə institutu adlandırmaq olar. Fondun kapitallaşmasının 100 milyon ABŞ dollarına çatdırılmasına görə Prezident İlham Əliyevə və Azərbaycana təşəkkür edirik. Bunun sayəsində 2025-ci ildə Fond tərəfindən ümumi məbləği 17,8 milyon ABŞ dolları olan 6 layihə maliyyələşdirilib.

Fond İssık-Kul və Oş vilayətlərində iki kiçik su elektrik stansiyasının tikintisini, “Mənim evim 2021–2026” dövlət mənzil proqramı çərçivəsində sosial evlərin inşasını, Oş şəhərində müasir tibbi kardiomərkəzin tikintisini, “Bişkek” azad iqtisad zonası ərazisində döşəmə örtüyü (kovrolin) istehsalının qurulmasını və Çuy vilayətində müasir tikiş fabrikinin tikintisini maliyyələşdirir.

Bu layihələr yalnız Qırğızıstanda iş yerləri yaratmır, həm də ölkənin ixrac istehsal potensialını dəstəkləyir. Xüsusilə “Bişkek” AİZ-da kovrolin istehsalı zavodunu qeyd etmək istərdim. Bildiyimə görə, məqsəd bu məhsula Qarabağda olan tələbatı ödəməkdir. Beləliklə, Azərbaycanın maliyyə dəstəyi ilə Qırğızıstanda istehsal olunan kovrolin Qarabağın bərpası və modernləşdirilməsinə dəstək çərçivəsində Azərbaycana göndərilən ixrac məhsuluna çevrilir.

Həmçinin Qırğızıstanın azad edilmiş ərazilərin bərpasına dəstəyi çərçivəsində ötən il Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan tərəfindən inşa edilmiş Ayköl Manas adına tam orta məktəb istifadəyə verilib. Bu məktəb qardaşlıq əlaqələrimizin möhkəmlənməsi və inkişafının konkret addımlar, fəaliyyətlər və layihələrlə təsdiq olunan göstəricilərindən biridir.

Qırğızıstan Bakı Gəmiqayırma Zavodunda gəmilərin tikintisinə dəstək imkanının nəzərdən keçirilməsi xahişi ilə Azərbaycana müraciət edib

— İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hansı konkret planlar mövcuddur?

— Azərbaycanla Qırğızıstan arasında iqtisadi əməkdaşlığın gələcək inkişafından danışarkən qeyd edim ki, biz Azərbaycan hökumətinə müraciət edərək bəzi investisiya layihələrinin Azərbaycan–Qırğız İnkişaf Fondunun çərçivəsindən kənarda, digər resurs və imkanlar hesabına ünvanlı, pilot şəkildə maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyi təklif etmişik.

Ötən ilin dekabrında Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirildi. Ticarət-iqtisadi, logistika, nəqliyyat və digər əlaqələrin möhkəmləndirilməsində maraqlı olan bir sıra nazirlik və qurum rəhbərlərindən ibarət nümayəndə heyətimiz Bakıya gəlmişdi. İclas çərçivəsində, məsələn, Qırğızıstan tərəfi gələcəkdə mütləq yaranacaq yük daşımalarının və ötürülməsinin təmin edilməsi üçün Bakı Gəmiqayırma Zavodunda gəmilərin tikintisinə dəstək imkanının nəzərdən keçirilməsi xahişi ilə Azərbaycana müraciət edib.

Hazırda Azərbaycanın milli aviadaşıyıcısı AZAL-la Bakıdan birbaşa İssık-Kula mövsümi çarter reyslərinin təşkili barədə danışıqlar aparırıq

— Bu nə ilə bağlıdır?

— Qırğızıstanda ötən ildən etibarən ən böyük və iddialı nəqliyyat layihəsi olan “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolunun tikintisi həyata keçirilməyə başlanıb. Bu yol Çindən Avropaya yüklərin Qırğızıstan və Özbəkistan üzərindən Türkmənistana, daha sonra Xəzərə tranzit daşınması üçün əlavə və ən qısa marşrut yaradacaq. Nəqliyyat marşrutlarımız genişlənəcək. Hazırda Zəngəzur dəhlizinin reallaşdırılması imkanının yaranmasını nəzərə alsaq, Xəzər və Mərkəzi Asiya üzərindən yük daşımaları Azərbaycanın limanları vasitəsilə həyata keçiriləcək ki, bu da imkanları daha da artırır. Biz artıq bu gün qaçılmaz yük axını artımına hazır olmalıyıq. Bu layihələrin müzakirəsi çərçivəsində gəmilərin birgə tikintisi, bu işlərin birgə maliyyələşdirilməsi, həmçinin birgə gəmiçilik şirkətinin yaradılması imkanları nəzərdən keçirilir. Bu təşəbbüslər dəstəklənərsə, Azərbaycana çox minnətdar olarıq.

Ticarət sahəsində hazırda məhsul nomenklaturasının və tədarük həcmlərinin artırılması üzərində işləyirik. Bizim hökumət Azərbaycan ilə Qırğızıstan arasında Biznes Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib ki, işgüzar dairələr və fəal sahibkarlar planlarının həyata keçirilməsi üçün ən səmərəli və qısa yolları tapa bilsinlər. Dövlət səviyyəsində biz bunun üçün müvafiq imkanlar yaradır və qarşılıqlı ticarətin artımını stimullaşdırırıq.

Turizm sahəsi qlobal miqyasda dünya iqtisadiyyatlarının inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Həm Qırğızıstan, həm də Azərbaycan turizm imkanlarının inkişafında maraqlıdır. Azərbaycanda turizm sahəsinin modernləşdirilməsi və inkişafı təcrübəsi Qırğızıstan üçün çox faydalıdır. Ümid edirik ki, dövlət qurumlarımız və özəl turizm şirkətlərimiz bu müsbət təcrübəni Qırğızıstanda tətbiq etmək üçün mənimsəyə biləcəklər. Turizmin müvafiq səviyyəyə çatdırılması üçün Qırğızıstanda xüsusi agentlik yaradılıb. Prezidentimiz bu qurum qarşısında turizmin iqtisadiyyatımızın ciddi tərkib hissəsinə çevrilməsi vəzifəsini qoyub.

Turizm imkanlarının inkişafı çərçivəsində Azərbaycan təyyarələrinin Qırğızıstana uçuş tezliyinin artırılması üzrə danışıqları davam etdiririk. Biz həftədə bir reyslə başlamışdıq, hazırda üç reysə çatmışıq, lakin bununla kifayətlənməməliyik. Hazırda Azərbaycanın milli aviadaşıyıcısı AZAL-la Bakıdan birbaşa İssık-Kula mövsümi çarter reyslərinin təşkili barədə danışıqlar aparırıq. Əgər Azərbaycan və digər ölkələrdən turistlər üçün belə birbaşa aviareyslər təşkil edə bilsək, bu, bir tərəfdən göldə turizm klasterinin inkişafını dəstəkləyəcək, digər tərəfdən isə Azərbaycanın inşa etdiyi və bu il açılacaq otelin daha sürətli formalaşması və inkişafı üçün faydalı olacaq.

Aviaşirkətlərimiz və hava limanlarımız hazırda tranzit imkanlarının istifadəsi ilə bağlı dəstək üçün müraciət edirlər. Çin çox böyük turizm potensialına malikdir və biz istəyirik ki, Çindən Qırğızıstana uçan turistlər rahat şəkildə tranzitlə Azərbaycana və daha sonra digər istiqamətlərə uça bilsinlər.

— Qırğızıstanın “Mərkəzi Asiya — Azərbaycan” Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulmasının perspektivlərini necə qiymətləndirirsiniz?

— Qırğızıstan Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə həyata keçirdiyi yaşıl dəhliz layihəsinə müsbət yanaşır. Biz bu layihəyə qoşulmaq imkanlarını öyrənmək istədiyimizi bildirmişik. Bu layihəyə qoşulma variantlarını həm qanunvericilik, həm də institusional baxımdan nəzərdən keçirməli və Qırğızıstanın onun həyata keçirilməsində necə iştirak edə biləcəyini müəyyən etməliyik.

— Qırğızıstan Azərbaycanla kosmos sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bu istiqamətdə məsləhətləşmələr hazırda hansı mərhələdədir?

— Biz kosmik sahədə səriştələrimizin inkişafı üçün Azərbaycandan yardım istəmişik. Azərbaycanın, xüsusilə “Azərkosmos”un təcrübəsi Qırğızıstanda aerokosmik imkanlardan istifadə üzrə analoji yüksək texnologiyalı infrastrukturun yaradılması üçün çox faydalı olacaq. Düşünürəm ki, Azərbaycan təcrübəsinin bizim üçün tələb olunan və faydalı olacağı daha çox sahə var. Biz imkanlarımızı, qardaşlıq və dostluğun əsaslarını möhkəmləndirmək üçün qarşılıqlı fəaliyyətimizi və qardaş dəstəyimizi genişləndirməyə yönəlmişik.

Qırğızıstan Prezidentinin WUF13-də iştirakı üçün səfər hazırlıqları aparılır

— Mayda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Qırğızıstan hansı səviyyədə təmsil olunacaq?

— Qırğız tərəfi artıq bəyan edib ki, iştirak ən yüksək səviyyədə olacaq. Hazırda Prezidentimizin bu forumda iştirakı üçün səfər hazırlıqları aparılır. Bu platforma bizim ölkə üçün vacibdir, çünki Qırğızıstanda son beş ilin islahatlarının nəticəsi olaraq böyük iqtisadi dəyişikliklər və geniş tikinti bumu yaşanır. Tikinti sektoru rekordlar qırır. Ölkədə işçi qüvvəsi, armatur və sement çatışmır. Ölkəmiz müasir urbanistika, memarlıq, köhnə şəhərlərin müasir reallıqlara uyğun yenilənməsi, xüsusilə ekologiyanın, vətəndaşların həyat və sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır. Buna görə Bakıdakı forum bizim üçün çox vacibdir.

Hərbi sahədə əməkdaşlıq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək

— Dövlətlər arasında hərbi-texniki əməkdaşlıq sahəsində vəziyyət necədir?

— Hazırda hərbi-texniki əməkdaşlıq müvafiq işi aparmağa səlahiyyətli nazirliklərimiz arasında təmaslar çərçivəsində həyata keçirilir. Bu istiqamətdə əməkdaşlığımızın sıx şəkildə inkişaf edəcəyini ötən ilin noyabrında müdafiə nazirimizin Bakıda keçirilən Zəfər Paradında iştirakı sübut edir. Bu, Qırğızıstanın hərbi sahədə əməkdaşlığın daha da inkişafında nə qədər maraqlı olduğunu göstərir. Bu istiqamətdə əməkdaşlıq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək.

— Türk Dövlətləri Təşkilatında Qırğızıstanın rolunu necə qiymətləndirirsiniz? Gələcəkdə bu təşkilat çərçivəsində hansı yeni təşəbbüslər və layihələr gözlənilir?

— Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğızıstanın bu platformada həyata keçirmək üçün öz hədəf və məqsədləri var. Bizim üçün əsas məsələ iqtisadi, mədəni, humanitar və sosial imkanların inkişafıdır. Qırğızıstan bu ittifaq çərçivəsində bütün üstünlüklərdən maksimum istifadə etmək niyyətindədir.

Qırğızıstan bir çox təşəbbüslərlə çıxış edir. Bir qədər əvvəl Bakı TDT-yə üzv ölkələrin hökumət başçılarını/vitse-prezidentlərini qəbul etdi. Bu təşəbbüs Qırğızıstandan irəli gəlib: məqsəd təşkilat çərçivəsində əlavə platforma yaratmaqdır. Hökumət başçıları/vitse-prezidentlərin ilk görüşü Bişkekdə, ikinci görüş isə artıq Bakıda keçirilib. Bu təşəbbüsü dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edirik. Bu platforma ardıcıl şəkildə inkişaf edir və ümid edirik ki, təşəbbüslərimizin və birgə layihələrimizin irəliləməsinə əlavə təkan verəcək.

TDT çərçivəsində hərbi əməkdaşlıqdan danışmaq hələ tezdir

— Türk Dövlətləri Təşkilatının hərbi əməkdaşlıq sahəsində perspektivlərini necə görürsünüz?

— Təşkilatın təsis sənədlərində hərbi əməkdaşlıq nəzərdə tutulmayıb. Buna görə hüquqi baxımdan TDT çərçivəsində hərbi əməkdaşlıqdan danışmaq hələ tezdir. Lakin Qırğızıstanın Azərbaycan və TDT-yə daxil olan bütün ölkələrlə çox yaxşı ikitərəfli münasibətləri var. Düşünürəm ki, hərbi qurumlar arasında münasibətlərin gələcəkdə ardıcıl inkişafı əməkdaşlıq səviyyəsinin artırılması üçün imkanlar yaradacaq. Amma bu barədə danışmaq hələ tezdir.

— Hökumətinizdə baş verən son kadr dəyişikliklərini, bunun səbəblərini və ölkənin siyasi həyatına təsirini necə qiymətləndirirsiniz?

— Son kadr dəyişikliklərini dövlət institutlarının daha da möhkəmlənməsi kimi xarakterizə etmək olar. Dövlət şəxslərdən asılı olmamalıdır. İnstitutlar sabit işləməli və öz vəzifələrini yerinə yetirməlidirlər. 2020-ci ildə biz dövlətin sabitliyini qoruyan siyasi dayaqlar yaratmaq üçün konstitusiya islahatı apardıq. Prezident idarəetmə formasına qayıdış məhz buna yönəlmişdi ki, heç bir siyasi kataklizm institutların sabitliyinə təsir etməsin. Gördüyünüz kimi, bu gün bütün dövlət institutları sabit işləyir. Planlı kadr yenilənməsi prosesi gedir. Yeni rəhbərlər gəlir, çünki Prezident, hökumət və xalq ölkə qarşısında iddialı planlar qoyur. Bunların həyata keçirilməsi üçün zamanın reallıqlarına uyğun rəhbərlər lazımdır. Prezidentin bunun üçün bütün səlahiyyətləri var və o, bu səlahiyyətlərdən Konstitusiyaya tam uyğun istifadə edir. Ölkədə baş verənlərin hamısı dövlət sistemimizin sabitliyinin göstəricisidir.

— Qırğızıstan ilə Tacikistan arasında sərhəd münaqişəsinin nizamlanması istiqamətində atılan addımlar hansı nəticələri verib və bu, problemin tam həllinə gətirib çıxarıbmı?

— Mərkəzi Asiyada sülh, rifah və firavanlıq məkanının yaradıldığının sübutu Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinin üç dövlətin sərhədlərinin qovuşduğu nöqtədə dostluq və sülh abidəsini açmasıdır. Hazırda bütün sərhəd məsələləri həll olunub və biz münasibətlərin inkişafının növbəti mərhələsinə keçirik. Sülh bərqərar olub və biz iqtisadiyyat, mədəniyyət və xalqların həyat fəaliyyətinin digər sahələri vasitəsilə əməkdaşlıq, qarşılıqlı fəaliyyət və qardaşlıq münasibətlərini yaradıcı və ardıcıl şəkildə inkişaf etdiririk.

Biz dağlıq ölkələrik. Buzlaqlarımız Mərkəzi Asiyanın demək olar ki, bütün çaylarını formalaşdırır və onlar yalnız insanlara deyil, ölkələrə və iqtisadiyyatlara da həyat verir. Su resurslarımızdan bütöv regionun həyat fəaliyyəti, sülhü və rifahı asılıdır. Bu gün ölkələrimiz arasında su ehtiyatlarının qorunması və onların Mərkəzi Asiyanın bütün ölkə və xalqlarının rifahı naminə maksimum səmərəli istifadəsi üzrə ümumi siyasətin təşviqi istiqamətində intensiv iş aparılır. Bu baxımdan biz Kambarata SES-1 layihəsinin həyata keçirilməsinə başlamışıq ki, bu da su sahəsində daha böyük dayanıqlılıq ehtiyatı yaradacaq. Layihə Narın çayı və daha sonra Sırdərya üzərində su axınının ilboyu tənzimlənməsini təmin edəcək. Qırğızıstan, Qazaxıstan və Özbəkistan tərəfindən birgə həyata keçirilən bu layihə göstərir ki, ölkələrimiz mürəkkəb məsələləri qardaşlıq, mehriban qonşuluq və dostluq şəraitində birgə həll edir.

— Sonda nə demək istərdiniz?

— Fürsətdən istifadə edərək bildirmək istərdim ki, biz Bakıda tamhüquqlu səfirliyin tikintisi üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik. Müvafiq bina və qurğularla səfirliyin tikintisi niyyətimiz iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu sübut edir və ümid edirik ki, məsələ müsbət həll olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar