Azərbaycan dövlət sərhədini pozan əfqan saxlanılıb.
Lent.az-ın məlumatına görə, İrandan Azərbaycana qanunsuz keçən 22 yaşlı Əfqanıstan vətəndaşı Astaranın Vəznəş kəndində sərhədçilər tərəfindən ələ keçirilib.
İttiham aktına görə, qanunsuz miqrant hava yolu ilə ölkəyə gəlməyə imkanı olmadığı üçün dövlət sərhədini pozmaqla Azərbaycana gəlməyi qərara alıb. Lakin o, sərhədçilərin sayıqlığı nəticəsində Astaranın Vəznəş kəndi ərazisində “Dayan” əmri ilə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Əfqanıstandan İrana keçib:
“Sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyəyə getdim. Burada 3 gün qalandan sonra iş tapa bilmədim və Gürcüstana qanunsuz yolla keçdim. Gürcüstanda 5 il fasiləsiz otellərin birində işlədim. Lakin maddi vəziyyətim daha da pisləşdi. Buna görə də yenidən Türkiyəyə qanunsuz yolla keçib 6 ay fəhlə işlədim. Türkiyə polisi ölkədə qanunsuz yaşadığımı aşkar etdi və İran sərhədinə gətirib bu ölkəyə keçməyi tələb etdilər. Mən də 2025-ci ilin sentyabrında İrana keçdim. Tehrandakı dostumun yanında bir müddət qaldım, lakin iş tapa bilmədiyim üçün Azərbaycana keçmək istədim. Gecə saatlarında mobil telefonumdakı “Google-Maps” proqramı vasitəsilə Azərbaycana keçdim və tanımadığım kənddə bir müddət dayandım. 1 saat keçməmiş Azərbaycan sərhədçiləri məni saxladı”.
O əlavə edib ki, əməlindən peşmandır və məhkəmədən yüngül cəza verilməsini istəyir.
Astara rayon Məhkəməsinin qərarı ilə Əfqanıstan vətəndaşı 10 ay müddətinə azadlıqdan məhrum edilib.