7 körpənin ölümünə səbəb olan  yanğınla bağlı şahidlər nə dedilər? - MƏHKƏMƏ
22 oktyabr 2025 18:54 (UTC +04:00)

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı şahidlər nə dedilər? - MƏHKƏMƏ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi”ndə 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, iclas şahidlərin ifadələri ilə davam etdirilib.

Şahid Validə Əliyeva neanatoloq kimi 30 ilə yaxındır sözügedən xəstəxanada çalışdığını, hadisənin o nəzarət edən otaqlardan birində baş verdiyini bildirib: "Uşaqların olduğu dörd otaqdan ikisinə mən nəzarət edirdim. Ümumilikdə otaqlarda 38 uşaq vardı. Otaqdakı uşaqlar oksigendən asılı idilər. Həmin gün saat 9-da işə başlamışdım, günorta 2-yə kimi otaqda olmuşam. Yanan otaqda 9 uşaq vardı. Yanğın baş verəndə digər otaqda idim. Qəfildən gördüm ki, otağın pəncərəsindən çıxır. Qışqıraraq dəhliz boyu qaçmağa başladım. Yanğın "küvez"in altından qalxmışdı. İki uşağı otaqdan çıxara bildim. Öz imkanlarımız daxilində su, odeyalla söndürməyə çalışdıq. Bir oğlan gəldi, o qarışıqlıqda bilmədim ki, kimdir, balonu sıxan kimi otağı qara tüstü bürüdü, bundan sonra otağa girmək mümkün olmadı". 

Digər şahid Nuranə Nuriyeva həmin gün xəstə olan əkizlərinin yanında olduğunu və yanğında körpələrindən birinin öldüyünü bildirib. Səhiyyə Nazirliyinin avadanlıq mütəxəssisi Afər Babayev istintaqa verdiyi açıqlamada yanğının qısaqapanmadan baş verdiyini təsdiqlədiyini deyib.

Məhkəmənin növbəti iclası noyabrın 3-ü saat 09:15-ə təyin edilib.

Xatırladaq ki, yanğın 2024-cü il yanvarın 9-da Mərkəzin dördüncü mərtəbəsində baş verib, 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, 361 min manat ziyan dəyib. İstintaq nəticəsində direktor Mehriban Abasquliyevanın xəstə qəbulunu artırmaqla elektrik sistemini yüklədiyi, FHN xəbərdarlıqlarına baxmayaraq nöqsanların aradan qaldırılmadığı müəyyən edilib. O, CM-nin 308.2 və 225.3, şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədli isə 225.3-cü maddə ilə təqsirləndirilirlər. 

Fərqanə Novruzova

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar