Avropada  romantik   görüş üçün ən   bahalı və ən ucuz şəhərlər
28 oktyabr 2026 12:50 (UTC +04:00)

Avropada romantik görüş üçün ən bahalı və ən ucuz şəhərlər

0

Avropada romantik görüş üçün ən bahalı və ən ucuz şəhərlər açıqlanıb. Deutsche Bank tədqiqat institutunun hesablamalarına görə, araşdırılan şəhərlər arasında ən aşağı xərc İstanbulda, ən yüksək isə Cenevrədə qeydə alınıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, nəticələr “Mapping the World’s Prices 2026” hesabatına əsasən təqdim edilib. 

Görüşün xərcinə nələr daxildir?

Analitiklər müqayisə üçün sabit məhsul və xidmət dəstinin qiymətini hesablayıblar. Buraya bir şüşə şərab, cins şalvar, don, iki fincan qəhvə, orta səviyyəli restoranda iki nəfərlik şam yeməyi, iki kinobilet, ictimai nəqliyyatda iki gediş və taksi ilə beş kilometrlik səfər daxil edilib.

Beləliklə, göstərici yalnız bir axşamın yemək və əyləncə xərclərini deyil, geyim alışını da əhatə edir. Araşdırılan 28 Avropa şəhərində bu dəstin orta qiyməti 270 avro olub.

Ən bahalı şəhərlər 

Siyahının ilk iki pilləsində İsveçrənin Cenevrə və Sürix şəhərləri qərarlaşıb. Müəyyən edilmiş məhsul və xidmət dəsti Cenevrədə 407, Sürixdə isə 400 avroya başa gəlir.

Oslo və Kopenhagendə bu məbləğ 323 avrodur. Londonda isə eyni alış və xidmətlər üçün 317 avro ödəmək lazımdır.

İstanbul ən sərfəli şəhər seçilib

Araşdırılan şəhərlər arasında ən aşağı qiymət İstanbulda qeydə alınıb. Burada eyni dəstin dəyəri 168 avro təşkil edir.

Daha münasib qiymətli şəhərlər sırasında Roma da var. İtaliya paytaxtında xərc 195 avrodur. Barselonada bu göstərici 213, Praqada 214, Madriddə isə 219 avro olub.

Maaşla müqayisədə nəticə dəyişir

Tədqiqatçılar qiymətləri əhalinin orta gəliri ilə müqayisə etdikdə fərqli mənzərə yaranıb. Nominal qiymətlərə görə ən bahalı şəhərlərdən olan Sürix və Cenevrədə yüksək maaşlar bu xərclərin maliyyə yükünü azaldır.

Sürixdə sözügedən dəstin qiyməti orta aylıq əməkhaqqının 5,6 faizinə, Cenevrədə isə 6,4 faizinə bərabərdir. Bunlar araşdırmada ən aşağı göstəricilər olub.

Ən böyük maliyyə yükü isə Afina sakinlərinin üzərinə düşür. Yunanıstan paytaxtında dəstin qiyməti 222 avro olsa da, bu məbləğ orta aylıq maaşın 19,6 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar