8 bıçaqla  atasını öldürən Murad: “İki uşağımı qurban etdim”
23 oktyabr 2025 16:58 (UTC +04:00)

8 bıçaqla atasını öldürən Murad: “İki uşağımı qurban etdim”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, şahid Zülfüqarova Mədinə Murad Əmirovun onun işlədiyi psixiatrik xəstəxanada xəstə kimi müalicə aldığını deyib:

"Murad epilepsiya xəstəsi idi. Həm də psixoloji problemləri vardı. Anası bizə deyirdi ki, oğlumu heç yerdə işə götürmürlər. Harada işə başlayırdısa, dava-şava ilə oradan ayrılırdı, çıxarırdılar işdən".

Şahid Əmirova Arzu 2013-cü ildən oğlunun psixoloji xəstəliklərdən müalicə olunduğunu dedi:

"Atasının pis vərdişləri vardı. İçirdi, narkotik vasitələrdən istifadə edirdi. Hadisə baş verən gün qara açıldı. Oğlum Murad taxtda yatmışdı, o da öskürə-öskürə otaqda gəzinirdi. Murad onun səs-küy salmasına əsəbiləşərək dedi ki, imkan ver yataq. Atası həyətə düşüb tapdığı dəmir parçası ilə başladı Muradın belindən, başından vurmağa. Qabağına keçib ağlayıb yalvarmağa başladım ki, Muradı vurma, məni vur öldür. Muradı qan aparırdı, tutması tutdu. Mətbəxdən bıçağı götürüb o sarsıntı ilə atasının üstünə getdi, onu bıçaqladı. Təcili yardım gəlib yoldaşımı xəstəxanaya apardı, kişi oradaca keçindi. Mən sədrin də qəbulunda oldum, xahiş etdim ki, Muradın durumuna görə, işə təzədən baxılsın".

Təqsirləndirilən Murad Əmirov özünü təqsirli bilmədiyini və affekt vəziyyətdə qətli törətdiyini bildirdi:

"Atam 22 il idi ki, narkotikdən əziyyət çəkirdi. Ailəmi, iki uşağımı qurban edib o evdə bir müddət onunla birlikdə yaşadım, sonda dözə bilmədim, mətbəxdən bıçağı götürüb vurdum onu".

Şahid Eyvazov İmran təqsirləndirilən şəxsin qohumu olduğu, hadisə baş verən zaman öz həyətində işlədiyini dedi:

"İşlədiyim yerdə qəfil uşaq ağlaması, sonra güclü qapı çırpıntısı eşitdim. Tez onlara qaçdım ki, nə baş verdiyini görüm. Baxdım ki, Murad və atası yerdə uzanıqlı, taqətsiz halda idilər, Muradın boynu qan içində idi".

Vəkil Füzuli Qasımov vəsatət verərək  təqsirləndirilən şəxsin təkrar psixoloji ekspertizadan keçirilməsi barədə vəsatət verdi.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev vəsatətin təmin olunmamasını məhkəmədən istədi.

Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətin təmin olunmamasını elan etdi.

Bundan sonra məhkəmə növbəti prosesin 20 noyabr saat 15:00-a qədər təxirə salındığını bildirdi.

Xatırladaq ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar