85 il əvvəl  itkin düşən Azərbaycan vətəndaşına aid TAPINTI:  Daş karxanalarında ARAŞDIRMA
18 fevral 2026 10:43 (UTC +04:00)

85 il əvvəl itkin düşən Azərbaycan vətəndaşına aid TAPINTI: Daş karxanalarında ARAŞDIRMA

0

Krımda “Bospor axtarış” dəstəsinin axtarışçıları Ak-Monay daş karxanalarının şaxtalarından birində 1941-ci il nümunəli ölüm medalyonunun ebonit kapsulunu aşkar ediblər. Kapsulun içində Azərbaycandan hərbi xidmətə çağırılmış Fyodor Şişkinə aid məlumatların yer aldığı vərəq olub. Yaxınlıqda əsgərin qalıqları tapılmayıb, onun taleyi naməlum qalır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dəstənin rəhbəri Oleq Popov bildirib ki, tapıntı şaxtanın girişinə yaxın ərazidə edilib. Təxminən 80 il əvvəlki qəzet parçasının altında, yonqar və qırıq şüşə ilə örtülmüş halda ebonit kapsul yerləşib. Kağız vərəq yaxşı qorunub saxlanılıb, onu açıb oxumaq mümkün olub.

Medalyon qızılordu əsgəri Fyodor Şişkinə məxsus olub. O, Azərbaycan SSR-in Dəvəçi (indiki Şabran) rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Əsgərin ailəsi Qızıl Burun yaşayış məntəqəsində yaşayıb.

“Xalqın yaddaşı” və “Memorial” portallarında aparılan axtarış əsgərin taleyi barədə dəqiq məlumat verməyib. Lakin arxiv sənədlərinə görə, onun 1941-ci ilin dekabrında Kerç-Feodosiya desant əməliyyatında və Feodosiyanın azad edilməsində iştirak etmiş 9-cu dağ-atıcı diviziyanın tərkibində xidmət etməsi ehtimal olunur.

Medalyonun tapıldığı yer gürcü və rus dillərində iri yazının olduğu şaxtadan təxminən 500 metr məsafədə yerləşir. Axtarış aparanların fikrincə, 1942-ci ilin qış-yaz aylarında burada 224-cü atıcı diviziya dislokasiya oluna bilərdi və digər döyüşçülər də həmin hissəyə cəlb olunmuş ola bilərlər. Lakin medalyonun daş karxanalarına necə düşməsi, əsgərin onu itirməsi, yoxsa qəsdən atması, hələ də sirr olaraq qalır.

“Onunla bağlı son məlum xəbər Ak-Monay daş karxanalarındandır. Burada onun izi itir. Ola bilsin ki, əsir düşüb. Məlumat axtarışını davam etdiririk”, – deyə Oleq Popov bildirib.

Hazırda axtarışçılar Fyodor Şişkinin qohumlarını tapmağa çalışırlar ki, tapılan relikviyanı ailəsinə təhvil verə bilsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar