Ağadadaş Ağayev məhkəmə qarşısında  - YENİLƏNİB
14 noyabr 2024 16:02 (UTC +04:00)

Ağadadaş Ağayev məhkəmə qarşısında - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirədən sonra hakim vəkilin Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Eyni zamanda, digər vəsatət baxılmamış saxlanıb.

Məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib./APA

***
15:12

Binqədi rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Lent.az xəbər verir ki, cinayət işinə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılır. Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

Oxşar yazılar