Turistlərin özlərini arzuolunmaz  hiss etdikləri yerlər
20 sentyabr 2026 13:21 (UTC +04:00)

Turistlərin özlərini arzuolunmaz hiss etdikləri yerlər

0

Turizm ölkələrə milyardlarla gəlir gətirir, amma xarici qonaqlara münasibət də şəhərlərin nüfuzuna və turistlərin həmin yerlərə yenidən qayıtmaq istəyinə təsir edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar turistlərin soyuq, səbirsiz və ya xoşagəlməz münasibətlə qarşılaşdıqlarını bildirdikləri bir sıra istiqamətlər qeyd olunub. Bunlar arasında Paris, İtaliya, Almaniya, Cənubi Koreya, Nyu-York, Monteneqro, həmçinin Polşa, Çexiya və Macarıstan var.

Parisdə söhbətə “bonjour”la başlamaq məsləhətdir

Paris bu baxımdan ən çox diqqət çəkən nümunələrdən biridir. Heysin sözlərinə görə, gərginliyin əsas səbəblərindən biri dil məsələsidir. Turist qarşı tərəfə dərhal ingiliscə müraciət etdikdə soyuq və ya səbirsiz görünən cavab ala bilər. İngilis dilinə keçməzdən əvvəl fransızca sadə salamlaşma isə ünsiyyətin tonunu dəyişə bilər.

Maraqlıdır ki, Fransa turistlərdən ciddi şəkildə asılıdır. 2025-ci ildə ölkəyə 102 milyon xarici turist səfər edib, 2024-cü ildə isə bu rəqəm təxminən 100 milyon olub. Beynəlxalq turizmdən gəlirlər 2024-cü ildə 71,1 milyard avroya çatıb, turizm sektorunda isə təxminən 1,5 milyon insan çalışır.

Yəni Parisdə üzündə təbəssüm olmayan bir ofisiantın arxasında xarici turistlərin xərclərindən on milyardlarla avro qazanan böyük bir iqtisadi sektor dayanır.

İtaliyada uğurun özü problemə çevrilib

İtaliyada bəzi turistlər yerli sakinlərin səbirsizliyindən və müəyyən yerlərdə ziyarətçilərdən bezmiş kimi görünməsindən danışırlar. Burada nəzakət məsələsini artıq həddindən artıq turizm problemindən ayırmaq çətindir.

2024-cü ildə İtaliyaya 57,7 milyon xarici turist gəlib. OECD məlumatlarına görə, 2025-ci ildə ölkəyə girişlərin sayı daha 6,3 faiz artıb. Turizm sektorunda təxminən 2,1 milyon insan çalışır ki, bu da ölkədə ümumi məşğulluğun təxminən 8,5 faizinə bərabərdir. Beynəlxalq turizmdən gəlirlər isə İtaliyanın xidmət ixracının təxminən 38 faizinə uyğun gəlir.

Lakin gəlirlər bərabər bölüşdürülmür, turist yükü isə daim eyni məkanlarda cəmlənir: Venesiya, Roma, Florensiya, Komo gölü və məşhur sahil bölgələrində.

Turistlərin sayı artdıqca otel, restoran və mağazaların gəlirləri çoxalır, eyni zamanda sıxlıq, nəqliyyat sisteminə düşən yük və qısamüddətli kirayə mənzillərə tələbat da artır.

İtaliya hökuməti əsas turizm mərkəzlərinin yükünü azaltmaq üçün turistləri daha az tanınan istiqamətlərə yönəltməyə çalışır. Buna görə turistin “yerli sakin mənə qarşı səbirsizdir” kimi qəbul etdiyi davranış bəzən daha böyük problemin göstəricisi ola bilər: bəzi şəhərlərdə turizm artıq mövsümi yox, demək olar ki, daimi həyat tərzinə çevrilib.

Almaniyada süni səmimiyyət gözlənilmir

Almaniyada fərq daha çox mədəni xüsusiyyətlərlə izah olunur. Bəzi səyahətçilər qısa cavablardan, işgüzar xidmət tərzindən və xidmət işçilərinin daha az emosional görünməsindən danışırlar.

Alman mədəniyyətində, məsələn, ABŞ xidmət sektorunda rast gəlinən kimi, kiçik söhbətlərə və nümayişkaranə səmimiyyətə daha az önəm verilir.

Bununla belə, turistlər Almaniyaya gəlməyə davam edirlər. 2025-ci ildə ölkədə otel və digər yerləşmə obyektlərində rekord həddə, 497,5 milyon gecələmə qeydə alınıb. Bu, 2024-cü ildəki əvvəlki rekorddan 0,3 faiz çoxdur. Bunun təxminən 83,8 milyon gecəsi xarici qonaqların payına düşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar