Ermənistandakı Alban kilsələri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib-RƏY
20 sentyabr 2026 17:02 (UTC +04:00)

Ermənistandakı Alban kilsələri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib-RƏY

0

Alban kilsəsi erməni kilsəsindən daha qədimdir.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Alban kilsəsinin tarixi və elmi mənbələr

Onun sözlərinə görə, Qafqaz Albaniyasının xristian irsinin müəyyənləşdirilməsində əsas elmi meyar odur ki, Alban avtokefal kilsəsi mövcud olub: “Bu kilsə xristian dünyasının ən qədim kilsələrindən biridir və Alban kilsəsinin yaradıcıları da İsa peyğəmbərin həvariləri və həvarilərin buraya gələn nümayəndələri hesab olunur. Ona görə, məsələn, erməni və digər kilsələrdən fərqli olaraq, Alban kilsəsi birbaşa Yerusəlimə tabe idi. Yəni birbaşa İsa peyğəmbərin həvarilərinin qurduğu kilsəyə tabe idi. Buna görə də Alban kilsəsi xristian dünyasında çox nüfuzlu və mötəbər kilsə idi. Yerusəlim şəhərində xeyli monastır, hətta xüsusi Alban məhəlləsi də var idi. Orada on kilsə var idi. Bunlar V, VI, VII əsrlərə aid kilsələrdir. Musa Kalankatlı “Alban tarixi” əsərində bu kilsələrin yerini və təyinatını göstərib. Ümumiyyətlə, Musa Kalankatlının kitabı bizim üçün əsas mənbədir və başqa mənbələr də var”.

Sinay əlyazmaları və Alban leksikonari

O bildirib ki, ikinci ciddi mənbə 1970-ci illərdə Misirdə, Sinay yarımadasında yerləşən Müqəddəs Katerina kilsəsində tapılan əlyazmalardır: “Bu kilsə, ümumiyyətlə, xristian dünyasının ən qədim kilsələrindən biridir, pravoslav etiqadına aid olan qədim kilsələrdəndir. Burada əlyazmalar fondunda çoxlu kitablar saxlanılır və Alban palimpsesti və yaxud Alban leksikonari adlanan bir əlyazma tapılıb. Bu istiqamətdə sovet vaxtı ciddi araşdırmalar aparılırdı. Bu işi tanınmış gürcü professoru Zaza Aleksidze aparırdı. Sonradan bir qrup xarici, Avropa alimlərinin tədqiqatlarının nəticəsində bəlli olur ki, Alban əlifbası heç də erməni əlifbasından, Mesrop Maştots tərəfindən yaranmayıb. Daha qədimdir, hələ Mesrop Maştots doğulmamışdı. Albanların öz əlifbası və dini kitabları var idi və bu, tapılan leksikonari idi. Məsələn, Ermənistanda o dövrə, yəni IV-V əsrlərə aid leksikonari yoxdur. Uzun müddət ibadət olunmalıdır ki, leksikonari dini kitab kimi tam formalaşsın. Bu, bir də bizə təsdiq edir ki, Alban kilsəsi erməni kilsəsindən daha qədimdir. Onu da qeyd edim ki, “Qafqaz Albaniyası” anlayışı bizdə yox idi. Bu, Avropada XIX əsrdə meydana gələn termindir. Biz bu dövlətin və ərazinin adını Aran adlandırırdıq. Bütün qədim mənbələrdə də Aran adı gedir. Bizim dildə indi müəyyən qədər bu söz qalıb”.

Alban dövrünə aid abidələr

O deyib ki, alban dövrünə aid abidələrin sayı-hesabı yoxdur: “Elə Qarabağda təxminən 900-ə yaxın kilsə və monastır Alban dövrünə aiddir. Bunların içində ən mühümü, sözsüz ki, Gəncəsər monastırıdır. Alban patriarxlığı burada yerləşirdi. Xudavəng monastırı da çox əhəmiyyətlidir və ən qədimi olan Xocavənd rayonundakı Ağoğlan (ermənilər Amaras deyirlər) məbədi idi. Yəni bütün xristian dünyası üçün bu kilsələrin müstəsna rolu və çəkisi var. Bütün xristian dünyası onları tanıyır. Yəni bunlar təkcə Qarabağ və yaxud Qafqaz üçün yox, bütün xristian dünyası üçün mühümdürlər. Göyçə mahalında da Alban kilsələrinin adlarını çəkə bilərik. Məsələn, Axbat kilsəsi, Sənayin kilsəsi, Qıpçaxavəng kilsəsi var. İndi ermənilər onun adını dəyişib, “Aricə” ediblər.

Qafqaz Albaniyası dövlətinin ərazisi həm Azərbaycanı, həm Cənubi Dağıstanı, həm müasir Gürcüstanın böyük bir hissəsini, həm də indiki Ermənistanın böyük bir ərazisini əhatə edirdi. Əfsuslar olsun, ermənilər tərəfindən bu ərazilərdə faktiki olaraq Alban kilsələri ya dağıdılıb, ya da mənimsənilib. Hələ də bizdə bu məsələ ilə bağlı geniş tədqiqatlar yoxdur. Azərbaycan elmi və ekspertləri hələ ki böyük iş görməlidirlər ki, bu məsələlər üzərində arxeoloji işlər aparılsın, daha dəqiq məlumatlar toplansın. Bu abidələrin məhv olunması təsadüfi deyil. Alban kilsəsi zəifləyəndən sonra tədricən bu regionda erməniləşmə gedib. VIII əsrdən sonra tədricən Alban dövləti və kilsəsi güclənir, sonra tədricən zəifləyir. XVI-XVII əsrlərdə çox zəifləyir və erməni kilsəsi Alban patriarxlığını özünə tabe etməyə çalışır. Sonradan Çar Rusiyası gəlir, XIX əsrdə Alban kilsəsini tamamilə ləğv edir və bütün məbədləri, yazıları və camaatları, Alban camaatını təqib edir, erməni kilsəsinə tabe edir”.

Alban və Arran memarlığının xüsusiyyətləri

Onun sözlərinə görə, Alban memarlığına bizim dildə Aran memarlığı deyilir: “İstər xristianlıq dövründə, istər İslam dövründə Gəncə, Bərdə, Qəbələ istiqamətində əsas üslub Aran memarlığı, Aran memarlıq məktəbi idi. Burada xüsusi qırmızı kərpicdən istifadə edilməsi, kilsələrin tağvari forması başqa xalqların kilsələrindən fərqlənir. Alban kilsələrində giriş qapısı çox aşağı olur ki, əyilib, təzim edərək keçəsən və altar hissəsi də çox fərqlənir. Altar hissəsi şərq tərəfə baxır. Yəni bunu tipik olaraq memarlar sırf Aran memarlıq üslubunu başqasından çox gözəl ayıra bilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar