Azərbaycanlı biznesmen əlindən alınan limanı qaytara bilmədi:  şikayəti BOŞA ÇIXDI
20 fevral 2026 17:07 (UTC +04:00)

Azərbaycanlı biznesmen əlindən alınan limanı qaytara bilmədi: şikayəti BOŞA ÇIXDI

0

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən On beşinci Apellyasiya Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Şahlar Novruzovun və onun tərəfdaşlarının Tuapse limanındakı yükaşırma kompleksinin RF xəzinəsinə keçirilməsi barədə qərardan verdikləri şikayəti təmin etməyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Baş Prokurorluğun “Tuapse dəniz kommersiya limanı” (TMKP), “Müəssisə TMKP”, “Dar Frut” və “Temryuk dəniz yükaşırma terminalı” şirkətlərinin müsadirəsinə dair iddiası 24 noyabr 2025-ci ildə Krasnodar diyarı Arbitraj Məhkəməsi tərəfindən təmin edilib.

Nəzarət orqanının əsas arqumenti ondan ibarət olub ki, xarici dövlətlərin rezidentləri RF üçün strateji əhəmiyyət daşıyan aktivlərin əldə olunması qaydalarını pozublar. Qara dəniz sahilində, mühüm nəqliyyat infrastrukturuna yaxın ərazidə yerləşən Tuapse limanındakı yükaşırma obyektlərinə xarici investorlar — Şahlar Novruzov, Georgiu Yorgus (Kipr) və Vonixel Limited (Britaniya Vircin adaları) nəzarət ediblər. Bu cür aktivlərin xarici sahibkarlar tərəfindən alınması RF hökuməti və Federal Antiinhisar Xidməti ilə razılaşdırılmalı idi, lakin bu prosedur həyata keçirilməyib.

Cavabdehlərin nümayəndələri iddianı qəbul etməyərək bildiriblər ki, müəssisə yalnız təbii inhisar subyektlərinin reyestrinə daxil edildikdən sonra strateji əhəmiyyətli hesab oluna bilər. Lakin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Ölkənin müdafiəsi və RF təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların həyata keçirilməsi qaydası haqqında” federal qanunun tələbləri pozulmaqla əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar