Azərbaycanlı biznesmenin sponsor olduğu  klubun rəhbəri beynəlxalq axtarışa  verildi
24 sentyabr 2026 18:19 (UTC +04:00)

Azərbaycanlı biznesmenin sponsor olduğu klubun rəhbəri beynəlxalq axtarışa verildi

0

Rusiyanın “Ximki” futbol klubunun rəhbəri Həsən Cioyev beynəlxalq axtarışa verilib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına görə, Cioyev Çeçenistanda vasitəçi şəxs vasitəsilə Birinci Liqada “Alaniya” ilə keçirilən oyunun baş hakiminə 2 milyon rubl verib.

“Alaniya” və “Ximki” arasında qarşılaşma 2023-cü ildə Birinci Liqa çərçivəsində keçirilib. Oyun Moskva vilayətini təmsil edən “Ximki”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı Andrey Fisenkonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

38 yaşlı Fisenko Birinci Liqa və Rusiya Kubokunda 100-ə yaxın oyunda çalışıb. O, Rusiya Premyer Liqasında baş hakim kimi təyinat almayıb, yalnız VAR, AVAR və ehtiyat hakim funksiyalarını yerinə yetirib.

Hakimin və vasitəçi şəxsin saxlanılması barədə 2026-cı ilin martında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Ximki” klubunun saytında yer alan məlumata görə, Həsən Cioyev 2022-ci ildə kluba keçməzdən əvvəl komanda rəisi vəzifəsində çalışıb. O, daha əvvəl “Alaniya” klubunda da eyni vəzifəni tutub.

Qeyd edək ki, “Ximki” klubunun investoru azərbaycanlı biznesmen Tufan Sadıqovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar