Bu ilin əvvəlindən Rusiyanın Həştərxan vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidməti 180 əcnəbi vətəndaşı öz ölkələrinə deportasiya edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların hamısı məhkəmə tərəfindən Rusiyaya giriş qaydalarını və ya ölkə ərazisində qalma rejimini pozmaqda təqsirli bilinib.
Məhkəmə qarşısına çıxarılan vətəndaşlar Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstandan olublar. Məhkəmənin qərarı ilə onların hər biri inzibati cərimə və Rusiya Federasiyasından deportasiya şəklində cəzaya məhkum edilib.
Qovulmazdan əvvəl qanun pozucuları Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Xarici Vətəndaşlar üçün Müvəqqəti Saxlama Mərkəzində saxlanılıblar. Məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra xüsusi təyinatlı idarənin məhkəmə icraçıları həmin vətəndaşları dövlət sərhədinə qədər müşayiət edib və sərhəd xidmətinin əməkdaşlarına təhvil verilib.